Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığına dair mətbuat məlumatı
10 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.
Danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib.
30 ilə yaxın davam etmiş ərazilərimizin işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib.
Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxlərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb.
Azərbaycan tərəfinin dialoqa sadiqliyi və bölgədə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa daim hazır olduğu vurğulanıb.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.