2022-12-27

2022-ci ilin yekunları üzrə mətbuat konfransına dair mətbuat məlumatı

27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edib.

 

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 2022-ci il üzrə xarici siyasətimizin əsas istiqamətləri və əldə olunmuş nəticələr ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib.

 

Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu 2022-ci il ərzində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib. Bu xüsusda, həm qonşu ölkələrlə, həm də digər dövlətlər ilə siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin inkişafının diqqət mərkəzində saxlanıldığı qeyd olunub.

 

Azərbaycanın il ərzində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və s. təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərdiyini bildirən nazir Ceyhun Bayramov, beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində səylərə verilən töhfələrdən bəhs edib.

 

Regionda, o cümlədən dünyada iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə həyata keçirilən layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın rolunun artdığını bildirən nazir Ceyhun Bayramov, qlobal enerji təhlükəsizliyinin təmini, regional nəqliyyat və kommunikasiyalar sahəsində fəaliyyətin inkişafı istiqamətində görülən işlər, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyəti barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb.

 

Post-münaqişə dövründə diplomatik fəaliyyət, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması, sülh gündəliyinin təşviqi istiqamətində görülən işlərdən geniş bəhs edən nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, münaqişədən sonra regionda yaranmış vəziyyət haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi işlərinin davam etdirildiyini bildirib.

 

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində il ərzində İraq və Suriyadan 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşımızın repatriasiyasının, Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

 

İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən “Şuşa İli” çərçivəsində tədbirlərin keçirildiyi, xarici siyasətin informasiya təminatı ilə əlaqədar “Diplomatiya Aləmi” jurnalının “Şuşa İli”nə həsr olunmuş xüsusi buraxılışının nəşr edilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərə xarici jurnalistlərin mətbuat turlarının təşkil edildiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, Xarici İşlər Nazirliyinin kadr potensialının inkişafı məqsədilə mərkəzləşdirilmiş qaydada müsabiqə prosesinin təşkil edildiyini, 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 namizəddən 38 nəfərin işə qəbul olunduğunu, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbulunun nəzərdə tutulduğunu bildirib.

 

Daha sonra, nazir Ceyhun Bayramov, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Arxiv üzrə axtarış