2022-10-10

“Bakının Baş Planı 2040” layihəsi Brüsseldə mükafata layiq görülüb

Dünyanın 85-dən çox ölkəsindən 700-dən çox fərdi və institusional üzvü özündə birləşdirən, tanınmış peşəkar şəhər və regional planlaşdırıcıların qeyri-hökumət qlobal birliyi olan Beynəlxalq Şəhər və Regional Planlayıcılar Cəmiyyəti (ISOCARP) tərəfindən Brüssel şəhərində növbəti dünya planlaşdırma konqresi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Almaniyanın “Albert Speer and Partners” şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanmış “Bakının Baş Planı 2040” layihəsi mükəmməllik mükafatına layiq görülüb.

Mükafat Brüsseldə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Rüfət Mahmuda təqdim olunub.

Rüfət Mahmud mükafatın təqdimatından sonra çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara, layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, layihənin Bakı şəhərinin daha da inkişaf etməsində oynayacağı müstəsna rolundan bəhs edib.

Tədbirdə dünyanın hər yerindən təxminən 500-dək nümayəndə, eyni zamanda, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin əməkdaşı Tünzalə Aydəmirova iştirak edib.

Arxiv üzrə axtarış