Brüsseldə Azərbaycan şəhidlərinin əziz xatirəsi anılıb
Belçikada fəaliyyət göstərən Brüssel Azərbaycan Evində ölkəmizin sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbir Brüssel Azərbaycan Evinin təşəbbüsü, "Belçika Azərbaycanlıları Federasiyası"nın təşkilatçılığı, həmçinin ölkəmizin Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə baş tutub.
Mərasimdə Azərbaycan icmasının fəalları, ölkəmizin Belçika Krallığı və Lüksemburqdakı səfirliyinin və NATO yanında Daimi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid ailələrinə, dövlətimizə və xalqımıza dərin hüznlə başsağlığı veriblər. Bildirilib ki, sülhpərvər siyasət yürüdən, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparan, regionun iqtisadi inkişafı və kommunikasiyaların qurulması istiqamətində böyük səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq təcavüzkar Ermənistan sülh müqaviləsinin imzalanmasında deyil, hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlıdır. Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Tədbir çərçivəsində anım guşəsi yaradılıb.