2022-09-19
Azərbaycanın energetika naziri Belçika Krallığının energetika naziri ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb
19 sentyabr 2022-ci il tarixində Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Belçika Krallığının energetika naziri Tinne Van der Straeten arasında onlayn görüş keçirilib. İclas iştirakçıları qlobal enerji gündəminin məsələlərini və Azərbaycanın enerji istehsalı və ixracı ilə bağlı həyata keçirdiyi tədbirləri müzakirə ediblər. Görüşdə yenilənmiş Strateji Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qazın həcminin artırılmasının və Xəzər külək enerjisinin ixracı üçün infrastruktura sərmayə qoyulmasının vacibliyi vurğulanıb. Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyinə növbəti perspektivli töhfəsi kimi Xəzər dənizinin külək enerjisi potensialının Şərqi Avropaya ixracı ilə bağlı planlar diqqətə çatdırılıb. Həm təbii qaz təchizatının artırılması, həm də külək enerjisinin ixracı üçün infrastruktur və əməkdaşlığa sərmayə qoyulmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əhəmiyyəti qeyd edilib. Görüşdə həmçinin Belçika Krallığı ilə ikitərəfli enerji əməkdaşlığının imkanları ətrafında fikir mübadiləsi aparılıb.