2022-07-13

“Şuşa İli” çərçivəsində Brüsseldə “Azərbaycan muğamı” adlı konsert təşkil olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

Konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, Xan Şuşinskinin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri və xalq mahnıları dinləyicilərə təqdim olunub.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirin açılışında tamaşaçılara dünya mədəniyyətinə əvəzsiz töhfə vermiş Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Tədbirdə, həmçinin “Xan Şuşinski Fondu”nun rəhbəri və böyük sənətkarımızın qızı Bəyimxanım Verdiyeva atasının sənət yolundan danışıb və Şuşa ilə bağlı xatirələrini bölüşüb. Ustad xanəndənin “O olmasın, bu olsun” filmində ifa etdiyi “Şahnaz” muğamından fraqment nümayiş olunub.

Belçikada yaşayan pianoçu-musiqişünas, “Fikrət Əmirov Beynəlxalq Assosiasiyası”nın rəhbəri və bəstəkar Fikrət Əmirovun nəvəsi Nəzrin Əfəndiyeva Azərbaycan muğamı, Qarabağ muğam məktəbi və müasir muğam istiqamətləri haqqında çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəniyyət inciləri” layihəsi çərçivəsində eyniadlı fotosərgi təşkil edilib. Sərgidə Şuşanın mədəniyyət və tarixi abidələrinin, geyimlərinin, xalçalarının və bu şəhərin yetirdiyi görkəmli yazıçıların, musiqiçilərin və mütəfəkkirlərin həyatını əks etdirən fotoşəkillər nümayiş olunub.

Tamaşaçıların böyük marağına səbəb olan tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı qurumlarının, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Benelüks ölkələrində yaşayan soydaşlarımız da iştirak etdilər.

https://www.youtube.com/watch?v=UNGUJGjEiAc

Arxiv üzrə axtarış