İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransda iştirak edib
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda çıxış edib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verdi.
Qeyd edək ki, “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.
Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.
Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.