2022-06-28

Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelini təbliğ edən tədbirlər keçirilib

Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelini təbliğ edən tədbirlər keçirilmişdir.

28 iyunda Avropa Parlamentində erməni işğalından azad olunmuş Azərbaycanın Zəngilan rayonundakı Ağalı kəndində uğurla həyata keçirilən “Ağıllı kənd” layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Avropa Parlamentinin 45 deputatını özündə birləşdirən Ağıllı Kəndlər üzrə parlament qrupunun üzvləri ilə yanaşı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov iştirak etmişlər.

Mirzə Əliyev Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri barəsində ətraflı məlumat vermiş, “Ağalı ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işləri avroparlamentarların diqqətinə çatdırmış, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

Ən yüksək beynəlxalq standartlara cavab verən bu layihə çərçivəsində həmin kənddə yaşayacaq vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi və bu məqsədlə ən müasir rəqəmsal və texnoloji həllərin tətbiqi böyük maraqla qarşılanmışdır. Tədbirdə yaşıl enerji mənbələri, enerji səmərəliliyi, ağıllı kənd təsərrüfatı üsullarının istifadəsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Avropa Parlamentinin üzvləri ölkəmizdə bu istiqamətdə qazanılmış təcrübə ilə yerində tanış olmaq üçün Azərbaycana səfər etməyə maraq ifadə etmişlər.

Həmin gün Brüsseldə yerləşən Avropa Ağıllı Kəndlər Forumunun təşkilatçılığı və Belçikadakı Səfirliyimizin dəstəyi ilə keçirilmiş növbəti təqdimatda Avropa Parlamentinin deputatları, Avropa Komissiyasının rəsmiləri, Belçikadakı diplomatik korpusun əməkdaşları, tədqiqat mərkəzlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı Avropa Parlamentinin üzvü, Avropa Ağıllı Kəndlər Forumunun həmsədri Frank Boqoviç və səfir Vaqif Sadıqov qonaqları salamlamış və sözügedən layihənin əhəmiyyətini vurğulayan çıxışlar etmişlər. Daha sonra, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qonaqları “Ağalı ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işlər haqqında məlumatlandırmışdır.

29 iyun tarixində “Ağalı ağıllı kənd” layihəsini təqdim etmək məqsədilə Avropa Komissiyasının Xarici Fəaliyyət Xidməti, Qonşuluq Siyasəti və Kənd Təsərrüfatı üzrə Baş Direktorluqlarının rəsmiləri ilə görüş keçirilmişdir. Görüş zamanı Mirzə Əliyev sözügedən layihə barədə təqdimatla çıxış etmişdir və sualları cavablandırmışdır. Təqdimat Avropa Komissiyasının nümayəndələri tərəfindən böyük maraqla qarşılanmış, və onlar layihənin nəticələrini ətraflı öyrənmək üçün Azərbaycanın həmin bölgəsinə baş çəkmək istəklərini bildirmişlər.

 

Arxiv üzrə axtarış