Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçirilib
İyunun 4-də Belçikanın paytaxtı Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbəti qurultayı keçirilib.
Tədbirdə AAK-ın tərkibinə daxil olan diaspor təşkilatlarının nümayəndələri, eləcə də əməkdaşlıq əlaqələri qurulan təşkilatlardan gələn çoxsaylı qonaqlar iştirak ediblər.
Qurultayın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Avropadakı diasporunun son beş ildəki fəaliyyəti barədə sənədli filmi nümayiş etdirilib.
Sonra AAK-ın prezidenti Sahil Qasımov hesabat məruzəsi ilə çıxış edib. İdarə Heyətinin üzvləri də öz çıxışlarında rəhbərlik etdikləri təşkilatların hesabat dövrü ərzində fəaliyyəti barədə danışıblar.
Tədbir iştirakçıları növbəti dövr üçün fəaliyyət planlarını müəyyənləşdiriblər.
Azərbaycanın Avropadakı diasporunun fəal üzvlərinə mükafatlar təqdim olunub.
Qurultayın işində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər.