KOBİA rəhbəri Belçikanın bir sıra qurumlarında görüşlər keçirib
Brüsselə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Belçikanın bir sıra qurumlarında görüşlər keçirib.
Agentlikdən verilən məlumata görə, Belçikanın Ticarət Palataları Federasiyasının Baş meneceri Vouter Van Gulk ilə görüşdə biznes şəbəkələri arasında əməkdaşlığın təşviqinə, birgə layihələrin icrası və müəssisələrin yaradılması imkanlarına, institusional əməkdaşlığın genişləndirilməsinə, biznes missiyaların təşkilinə və biznes layihələri üzrə məlumat mübadiləsinə dair müzakirələr aparılıb.
Belçikaya səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Belçika ofisinin rəhbəri Hayri Alpaydın ilə də görüşüb. Görüşdə əməkdaşlıq perspektivlərinə və sahibkarlarla iş imkanlarına dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda KOBİA-nın nümayəndələri Azərbaycanın Belçikadakı Səfirliyinin təşkilatçılığı, diplomatik korpusun nümayəndələrinin, bu ölkədə fəaliyyət göstərən Azərbaycan iş adamlarının və tələbələrin iştirakı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.