2022-05-24

KOBİA Brüsseldə Avropa İttifaqının qurumları ilə görüşlər keçirib

Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Belçikada səfərdədir.

Səfər çərçivəsində Brüsseldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının direktor müavini xanım Luisa Santos arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın sahibkarlığın inkişafı ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir sıra layihələrin benefisiarı olduğu və layihələrin uğurla başa çatdığı qeyd olunub. Vurğulanıb ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti - 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb.

Görüşdə Azərbaycan və təşkilata üzv KOB-lar arasında birbaşa əlaqələrin qurulması üçün onların şəbəkələşməsinə, biznes missiyaların təşkilinə, birgə müəssisələrin yaradılması imkanlarına, qarşılıqlı sürətdə ixracın təşviqinə, investisiya layihələri haqqında məlumat mübadiləsinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

 KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun “EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business” təşkilatının nümayəndələri ilə görüşündə birgə layihələrin həyata keçirilməsinə maliyyə və texniki dəstəyin göstərilməsi, qurumun “yaşıl iqtisadiyyat” və KOB-ların rəqəmsallaşması ilə bağlı layihələrində iştirak imkanları, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, startaplarla bağlı layihələr çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

"SME United Crafts and SMEs in Europe" təşkilatının Baş katibi xanım Veronika Vilyams arasında keçirilmiş görüşdə isə təşkilat üzvlərinin ölkəmizə biznes missiyasının təşkili, KOB-ların iştirakı ilə birgə müəssisələrin yaradılması, qarşılıqlı ticarətin təşviqi və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış