2022-04-30

Lüksemburqda azərbaycanlı heykəltaraşların əsərlərindən ibarət sərgi açılıb

Lüksemburq Hersoqluğunda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Claire Chene” atelyesində çalışan bir qrup lüksemburqlu və azərbaycanlı heykəltaraşların əsərlərindən ibarət sərgi açılıb.

Sərginin açılışında səfirliyimizin əməkdaşları, Lüksemburqdakı Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sərgidə “Claire Chene” atelyesində çalışan Tilli Venger Han, Silvi Vernye, Roman Bok, Julya Ruhman, Jerar Müller, Alfons Şmit, Öjeni Kraus, Ek Lunkes, Oksana Volkova, Pia Kremer, Feliçi Sand, Gi Şaffer, Bavera Əliyeva kimi 13 lüksemburqlu və azərbaycanlı heykəltaraşın əsərləri nümayiş olunur. Sərgi mayın 21-dək ictimaiyyətə açıq olacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə 2011-ci ildən bəri Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib. Həmin vaxtdan “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasının informasiya bürosu mədəniyyətimizi yerli ictimaiyyətə yaxından tanıtmaq məqsədilə müxtəlif mədəniyyət tədbirləri təşkil edir.

Arxiv üzrə axtarış