2022-02-25

Brüsseldə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Brüsseldə Belçikanın Paytaxt Regionunun Hərbi Komandanlığının iştirakı ilə naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub.
Mərasimin təşkil olunduğu “Konqres sütunu” memorial kompleksi 1830-cu ildən etibarən Belçikanın ictimai və dövlət tədbirlərinin keçirildiyi əsas tarixi məkan kimi tanınır.

Mərasimdə Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, Finlandiya Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Azərbaycanın Niderlandlı Dostları Cəmiyyəti (DUFOA) rəhbəri Leyla Babayeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Belçikada fəaliyyət göstərən Dünya Azərbaycanlılar Birliyinin rəhbəri Ədalət Quliyev, soydaşlarımız və azərbaycanlı jurnalistlər iştirak ediblər.

Səfir Vaqif Sadıqov tədbirdə çıxış edərək 1992-ci il fevralın 26-da Xocalı şəhərinin sakinlərinin qətlə yetirilərək soyqırımı törədilməsinin Azərbaycan xalqının tarixində qara səhifə olaraq qaldığını qeyd edib. Xocalıda törədilən qanlı qırğın haqqında məlumat verən diplomat tədbirin təşkilinə göstərilən dəstəyə görə Brüssel şəhərinin rəhbərliyinə minnətdarlığını bildirib.

AAK sədri S.Qasımov çıxışında Xocalı soyqırımının dəhşətlərindən danışıb, bu soyqırımının Azərbaycan xalqının yaddaşında açdığı dərin yaradan bəhs edib.

Sonra Belçika hərbçilərinin müşayiəti ilə naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb.

Səfir V.Sadıqov, AAK sədri S.Qasımov və Azərbaycan Silahlı Qüvvələrinin NATO Hərbi Komitəsi yanında nümayəndəsi, polkovnik Ağaverdi Quliyev memorial kompleksin xatirə kitabında Xocalı soyqırımı barədə qeydlər yazıblar.

Mərasim Azərbaycanın və Belçikanın Dövlət himnlərinin səsləndirilməsi ilə başa çatıb.

Arxiv üzrə axtarış