2022-02-02

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırır.

Cavab: İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətləri mövcuddur. Ölkəmizin çoxtərəfli platformalarda fəal iştirakı, o cümlədən bir sıra təşkilatlarda uğurlu sədrlik təcrübəsi hər kəsə bəllidir.

 

Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir.

 

Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir. Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin.

Arxiv üzrə axtarış