Azərbaycanın Aİ yanında nümayəndəliyinin rəhbəri etimadnaməsini Avropa İttifaqı Şurasının prezidentinə təqdim edib
25 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri səfir Vaqif Sadıqov etimadnaməsini Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təqdim etdi.
Söhbət zamanı Prezident Mişel səfir Sadıqovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, ona Azərbaycan və Aİ arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətindəki gələcək fəaliyyətində uğurlar arzuladı.
Səfir Vaqif Sadıqov Prezident Mişelə Prezident İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırdı və Prezident Mişelin ötən ilin iyulunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələlər üzrə dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
Görüşdə Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri, İqtisadi və Sərmayə Planının icrası ilə bağlı fikir mübadiləsi aparıldı. Səfir qarşıdan gələn Şərq Tərəfdaşlığı sammitindən Azərbaycanın gözləntilərini Aİ Şurasının Prezidentinə məlumat verdi.
Səfir Sadıqov Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların tezliklə bərpasına ümid etdiyini bildirdi və açıq qalmış məsələlərin qarşılıqlı kompromislər əsasında həlli üçün Azərbaycanın güclü siyasi iradəsinin olduğunu qeyd etdi.
Səfir Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Aİ ilə uğurlu əməkdaşlığı və Azərbaycandan təbii qazın daha geniş Avropa coğrafiyasına çatdırılması potensialını vurğuladı.
Səfir Sadıqov Prezident Mişele regionda müharibə sonrası hadisələr, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, Azərbaycan Prezidentinin bəyanatını xatırladaraq ölkəsinin Aİ-yə etibarlı tərəfdaş kimi baxdığını vurğulayıb. səfir Aİ-nin regionda sülh quruculuğu səylərini dəstəkləmək istəyini alqışlayıb.
Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişel onun səmimi salamlarını, xoş arzularını və minnətdarlığını Prezident Əliyevə çatdırmağı səfirdən xahiş etdi. Prezident Mişel Prezident Əliyevin qarşıdan gələn Şərq Tərəfdaşlığı Sammitində iştirakına ümidvar olduğunu bildirdi.