2021-10-19

Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikalıların Kralı Əlahəzrət Filipə təqdim edib

Oktyabrın 19-da səfir Vaqif Sadıqov Belçikalıların Kralı Əlahəzrət Filipə etimadnaməsini təqdim edib.

Etimadnamə təqdim edildikdən sonra Kral Filip yeni təyinatı münasibətilə səfir Vaqif Sadıqovu təbrik edib və ona gələcək vəzifələrində uğurlar arzulayıb.

Səfir Vaqif Sadıqov da öz növbəsində Prezident İlham Əliyevin Kral Filipə səmimi salamlarını və xoş arzularını çatdıraraq, Belçika Kralını ona uyğun bir zamanda Azərbaycana səfərə dəvət etməkdən məmnun olacaqlarını bildirib. Kral Filip səmimi salamlarına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib, onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

44 günlük müharibədən sonrakı vəziyyət barədə danışan səfir Vaqif Sadıqov işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa işləri və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşması baxımından Azərbaycanın güclü siyasi iradəyə malik olması barədə Kral Filipi məlumatlandırıb.

Azərbaycanın enerji siyasəti və Avropa İttifaqı ilə əməkdaşlığına toxunan səfir Vaqif Sadıqov yaşıl enerjinin yeni dinamikasından bəhs edib və Azərbaycandan Avropaya hidrogen tədarükünün mövcud təbii qaz infrastrukturu vasitəsilə nəql edilməsi imkanları haqqında məlumat verib.

Belçikanın işgüzar dairələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir, Belçika şirkətlərinin Azərbaycandakı layihələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirakının arzulanan olduğunu bildirib.

Kral Filip sonda Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını qeyd edib.

Arxiv üzrə axtarış