Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin xarici işlər nazirinin sədrliyi və XİN-in rəhbər heyətinin və ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirəyə dair məlumatı
9 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi və nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-in aidiyyəti struktur bölmələrinin və diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Müşavirənin əsas məqsədi cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdə ölkəmizin səmərəli iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasından ibarət olub.
Nazir Ceyhun Bayramov sentyabr ayından etibarən bir sıra beynəlxalq təşkilatlarda tədbirlərin keçiriləcəyini və bu xüsusda payız aylarının XİN-in təqvimində önəmli yer tutduğunu qeyd edib. Nazir ölkəmizin sözügedən tədbirlərdə layiqincə təmsil olunması, lazımı səviyyədə və fəal şəkildə iştirakın təmin olunmasının əhəmiyyətini, habelə bu məqsədlərə nail olmaq üçün müvafiq əlaqələndirmə işlərinin gücləndirilməsi və bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Müşavirə zamanı ölkəmizin beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edib və qarşıdan gələn tədbirlər, həyata keçirilən hazırlıq işləri, bu xüsusda irəli sürdükləri təklifləri səsləndiriblər.