2021-06-01

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin nazir Ceyhun Bayramovun və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon danışığına dair məlumatı

31 may 2021-ci il tarixində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov sərhəd məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasının, bu xüsusda mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib, Azərbaycan Respublikasının sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifinini dəstəklədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan ərazisində yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılan 6 erməni hərbçisinə gəldikdə isə, Azərbaycanın azad olunmuş ərazilərdə Ermənistan tərəfindən basdırılmış və insan həyatı üçün birbaşa təhlükə törədən çoxsaylı minaların təmizlənməsi ilə məşğul olduğu bir vaxtda, Ermənistan tərəfinin bu kimi təxribatlara əl atmasının yolverilməz olduğu vurğulandı.

Tərəflər, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Arxiv üzrə axtarış