Ümummilli lider Heydər Əliyevin xatirəsi Belçikada anılıb
10 may 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin, NATO yanında daimi nümayəndəliyinin və NATO yanında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül dəstəsi qoyulmuş və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra çıxış edən səfir Fuad İsgəndərov Ulu Öndərin Azərbaycan tarixindəki silinməz izi, bu xüsusda Azərbaycan dövlətçiliyinin tam bərqərar olması naminə yorulmaz fəaliyyətini vurğulamışdır.
Səfir həmçinin bu ildönümünün öz əlamətdarlığı ilə seçildiyini qeyd etmiş, Ümummilli liderin vaxtilə işğal altındakı ərazilərimizin azad olunacağına dair nikbinliyini xatırlatmış və onun layiqli davamçısı olan İlham Əliyevin Ali Baş komandanlığı altında Azərbaycanın tarixi və şanlı zəfər əldə edərək, öz ərazi bütövlüyünü bərpa etdiyini bildirmişdir.