2020-10-29

390/20, AR XİN Mətbuat xidməti idarəsinin AR Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel ilə telefon danışığına dair məlumatı

28 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel ilə telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov ali nümayəndəni Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması, mülki şəxslərin və infrastrukturun hədəf alınması, dinc əhali arasında çoxsaylı tələfata nail olmaq üçün kasetli bombalardan istifadə edilməsi ilə bağlı məlumatlandırdı. Nazir Ermənistan silahlı qüvvələrinin 27 və 28 oktyabr tarixlərində Bərdə şəhərinə raket hücumları ilə mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirildiyini qeyd etdi. O vurğuladı ki, bu Ermənistanın törətdiyi növbəti müharibə cinayətidir və bu cinayətə görə tam məsuliyyəti Ermənistan daşıyır.

Aİ-nin ali nümayəndəsi Jozep Borel mülki əhalinin atəşə tutulması ilə bağlı təəssüfünü ifadə etdi və mülki şəxslərin hədəf alınmasının yolverilməzliyini vurğuladı. Eyni zamanda o, münaqişənin sülh yolu ilə həllini təmin etmək üçün tərəflər arasında dialoqun bərpa olunmasının vacibliyini qeyd etdi.

Arxiv üzrə axtarış