2020-10-05

316/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Fransa Respublikasının Xarici İşlər naziri ilə telefon danışığına dair məlumatı

5 oktyabr 2020-ci il tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutdu. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

Fransa Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. O, Minsk Qrupunun həmsədr ölkələri vasitəsilə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğuladı.

Nazir Ceyhun Bayramov bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verdi. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğuladı. Fransalı həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 25 azərbaycanlı mülki şəxsin həlak olduğu və 127 nəfərin isə yaralandığı barədə məlumat verildi.

Fransa Xarici İşlər naziri mülki əhalinin hədəfə alınması və hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsinin yolverilməz olduğunu vurğuladı.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd etdi.

Arxiv üzrə axtarış