2020-10-04

No:308/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığına dair məlumatı

3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Aİ-nin ali nümayəndəsi bölgədə yaşanan gərginliklə bağlı ciddi narahatlığını bildirib. Aİ-nin gərginliyin aradan qaldırılmasında maraqlı olduğu və münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın son aylarda həyata keçirdiyi təxribatçı fəaliyyətin davamı olaraq, 27 sentyabr tarixində bütün cəbhə boyu Azərbaycana qarşı yeni təcavüzə əl atdığını və buna cavab olaraq Azərbaycan silahlı qüvvələrinin əks həmlələri həyata keçirdiyini qeyd edib. Ermənistanın Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədli şəkildə hədəfə aldığını Aİ rəsmisinin diqqətinə çatdıran nazir Ceyhun Bayramov, 19 nəfər dinc sakinin həlak olduğu, 63 nəfərin isə yaralandığı barədə məlumat verib. Nazir, Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulduğunu qeyd edərək, bununla ciddi təxribata əl atan Ermənistanın üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədini güddüyünü bildirib. Bölgədə sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasının və Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının vacibliyi vurğulanıb.

Arxiv üzrə axtarış