2020-05-28

Səfirlikdə 28 May - Respublika Günü qeyd olunub

28 May 2020-ci il tarixində Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin binasında Azərbaycan Demokratik Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Səfirlik əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə, əvvəlcə Səfirlik və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi adından Ulu Öndər Heydər Əliyevin büstü önünə çiçəklər qoyulub.

Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov çıxış edərək, yaradılmasının 102-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edərək, Azərbaycanın diplomatik xidmətinin təsis edilməsinin də məhz Cümhuriyyət dövrünə təsadüf etdiyini vurğulayıb və Səfirliyin kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd edək ki, 28 May - Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində Səfirlik tərəfindən Azərbaycan Demokratik Respublikasının yaradılmasının 102-ci ildönümündə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə həmrəyliyini nümayiş etdirən xüsusi videoçarx (https://www.youtube.com/watch?v=NPEgoHHEsqo&feature=youtu.be) hazırlanaraq Səfirliyin rəsmi internet səhifəsi, o cümlədən rəsmi twitterfacebook kanalları üzərindən  yayımlanıb, sözügedən videoçarx izləyicilərin böyük marağına səbəb olub.

Arxiv üzrə axtarış