Lüksemburqda Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib
Lüksemburq şəhərində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində əvvəlcə Nizami Gəncəvinin Rusiya Federasiyasının Lüksemburqdakı səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulub.
Daha sonra çıxış edən səfir Fuad İsgəndərov Nizami Gəncəvinin yaradıcılığından bəhs edərək, onun əsərlərinin bəşəri dəyərləri, sülh və humanizmi təbliğ etdiyini qeyd edib. Tədbirin əhəmiyyətinə toxunan səfir bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirib və abidənin bu gün də Rusiya səfirliyi tərəfindən qorunmasını iki ölkə arasındakı dostluğun nümunəsi kimi səciyyələndirib. O vurğulayıb ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının Benilüks ölkələrində mədəniyyət günləri çərçivəsində təşkil edilib. Ümummilli lider Heydər Əliyev Belçika və Lüksemburqa 1996-cı ildə etdiyi səfər zamanı abidəni ziyarət edib, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib.
Rusiya Federasiyasının səfiri Viktor Sorokin artıq 4 ildir ki, ənənəvi olaraq keçirilən bu anım tədbirinin Rusiya və Azərbaycan arasında həmrəyliyin nümunəsi olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında bu dostluq və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
Tədbirdə diplomatik korpusun üzvləri, Lüksemburqda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.