2019-04-08

“EurActiv” portalı Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının fəaliyyətini işıqlandırıb

Brüssel, 8 aprel, AZƏRTAC

Belçikanın "Euractiv" nəşri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının sayca 16-cı iclasının yekununa dair söylədiyi fikirlərin yer aldığı məqalə dərc edib. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Məqalədə qeyd edilir ki, siyasətçi Aİ və Azərbaycanın tezliklə yeni ticarət və siyasi saziş imzalayacağına ümidvar olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, məqalədə Aİ-Azərbaycan münasibətlərinin tərəflər arasında 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişə əsaslandığı diqqətə çatdırılır. 2017-ci ilin fevralında yeni çərçivə sazişi üzrə danışıqlar başlayıb. Onun imzalanması yaxın vaxtlarda olacaq, lakin bir neçə həll olunmamış məsələlər qalır.

Moqerini deyib ki, Brüssel və Bakı danışıqların “yeni iddialı ikitərəfli saziş” üzrə “yekun həlledici mərhələsindədir”.

Məqalədə qeyd olunur ki, Aİ ilə assosiasiya haqqında və "azad ticarət" barədə sazişlər imzalamış Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan Aİ ilə keyfiyyətcə başqa səviyyədə çox sıx münasibətlərə can atır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Arxiv üzrə axtarış