2019-03-20

Belçikanın "Diplomatic World" jurnalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş məqalə dərc edib

Brüsseldə nəşr olunan və geniş beynəlxalq oxucu auditoriyasına malik “Diplomatic World” jurnalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş “Müasir Azərbaycan tarixinin böyük qadını” (bax: http://diplomatic-world.com/?p=3204 ) sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi “EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Vzglyad.az xəbər agentliyinin baş redaktoru Seymur Məmmədovdur.

2019-cu il fevralın 21-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin ikinci ildönümü tamam olub. Ölkədə keçirilmiş çoxsaylı mühüm tədbirlərin, həmçinin beynəlxalq idman tədbirlərinin təşkili, vətəndaşların həyat tərzinin yaxşılaşdırılması istiqamətində atılmış bir sıra inqilabi addımlar məhz onun adı ilə bağlıdır.

Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Birinci vitse-prezident təyin edilib. Həmin dövrdən ölkə tarixində yeni səhifə açılıb. Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi ilə Azərbaycanın sosial-siyasi həyatında ciddi dəyişikliklər başlayıb. Bu gün dövlət başçısı İlham Əliyevlə birgə, Birinci vitse-prezident Mehriban Əliyeva da ölkənin tərəqqisi üçün çalışır, ciddi səylər göstərir. Həyata keçirilən əsaslı islahatlar nəticəsində əhalinin rifahı yüksəlir, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır.

Daxili islahatlarla yanaşı, xaricdə Azərbaycanın nüfuzunun artması üçün də ciddi addımlar atılır. Bu, dövlətin xarici siyasətində prioritetdir. Konkret olaraq, Azərbaycan tarixinin, mədəniyyətinin, musiqisinin və incəsənətinin xaricdə tanıdılmasında ən böyük rol məhz Mehriban Əliyevaya məxsusdur. Son illər beynəlxalq arenada Azərbaycanın mədəniyyət sahəsində nüfuzu həqiqətən də çox artıb. Məhz Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanın zəngin tarixi və mədəniyyətinin Rusiya, İtaliya, Fransa, Çin daxil olmaqla, müxtəlif ölkələrdə tanıdılması üçün uğurlu siyasət aparılır. Ötən ilin dekabrında Pekində təşkil olunmuş Azərbaycan-Çin dostluq konserti buna bariz nümunə sayıla bilər. Belə tədbirlərin təşkilinin təməlində Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış dostluq memorandumu dayanır.

Azərbaycanın Birinci vitse-prezidenti ötən il Fransa və İtaliyada səfərdə olub, orada rəsmi görüşlər keçirib. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu gün İtaliya və Fransa ictimaiyyəti Azərbaycan mədəniyyətinin zəngin tarixi haqqında daha geniş məlumata malikdir. Onun İtaliyaya 2018-ci ilin sentyabrında etdiyi səfər zamanı Romada “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfrans da təşkil olunmuşdu. Ötən ilin mayında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib.

Mehriban Əliyeva Azərbaycan tarixi və mədəniyyətinin xaricdə tanıdılması istiqamətində göstərdiyi səylərlə yanaşı, Avropa ölkələrinin və digər dövlətlərin tarixi və mədəni irsinin qorunması işinə də diqqət ayırır. Məsələn, Heydər Əliyev Fondu indiyədək müxtəlif ölkələrdə abidələrin, tarixi binaların və muzeylərin bərpasına yardım göstərib. Fond Strasburqda Kafedral Kilsəsinin, Versaldakı bəzi obyektlərin, həmçinin Müqəddəs Marçellinio və Pietro katakombalarının, Romadakı Kapitolini Muzeyinin “Filosoflar zalı”nın və digər tarixi abidələrin bərpasını maliyyələşdirib. Onun bu təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən təkcə müsəlman qadınının deyil, həm də müsəlman dünyasının xristianlığın müqəddəs abidələrinin qorunub saxlanmasına töhfəsi kimi qəbul edilir.

Mehriban Əliyeva təkcə müsəlman və xristian aləminə aid tarixi-mədəni abidələrin müdafiəçisi deyil. O, ümumiyyətlə xeyirxahlığa xüsusi önəm verir. Mehriban Əliyevanı insanların, xüsusilə köməyə və qayğıya ehtiyacı olan uşaqların yanında tez-tez görmək mümkündür. Heydər Əliyev Fondu Yeni il, Novruz, Qurban, Ramazan bayramlarında, həmçinin digər mühüm günlərdə uşaqlar üçün müxtəlif tədbirlər təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti bəzən hətta öz ad gününü uşaq evində keçirir. Ciddi xəstəliklərdən (onkoloji xəstəliklər, talassemiya və s.) əziyyət çəkən uşaqlar, çoxuşaqlı ailələr, aztəminatlı insanlar, Ermənistanın təcavüzü nəticəsində doğma evlərindən qovulmuş məcburi köçkünlər Mehriban Əliyevanın qayğısını hər zaman hiss edirlər. Bir sözlə, birinci xanım öz səlahiyyətlərindən Azərbaycan vətəndaşlarına, köməyə ehtiyacı olan şəxslərə yardım göstərmək üçün istifadə edir. Bu ilin yanvar-fevral aylarında Mehriban Əliyeva Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslərə və digər qrup insanlara da yardım əlini uzadıb. Məsələn, Birinci vitse-prezidentin bu ilin fevralında verdiyi tapşırığa əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması proqramı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib. Bundan əlavə, o, Azərbaycan Hərbi Hava Qüvvələrinin əfsanəvi pilotu olmuş Aleksey Şvarevin ailəsinə yardım göstərib. A.Şvarev 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təqaüdə çıxıb və bu gün Ukraynada yaşayır. Onun qızı Yuliya Şvareva onurğa beynində ependioma xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin müalicəsi bahalı olduğundan, ailənin klinikaya böyük məbləğdə borcu yaranmışdı. Hətta borcun ödənilməsi üçün ailə evini satmaq haqqında düşünürdü. Mehriban Əliyeva bundan xəbər tutan kimi, döyüşçü zabitin ailəsinə maddi yardım göstərilməsi barədə tapşırıq verib.

Bu da son deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ilin fevralında Ucar rayonunun Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi tapşırığını da verib. Bundan başqa, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın əməliyyat olunması və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin ediləcək.

Bir sözlə, Azərbaycanın birinci xanımı xeyirxahlığı və humanizmi ilə ölkənin adını bütün dünyada ucaldır. O, öz nümunəsi ilə müasir Azərbaycan qadınının gözəlliyini, köməyə və qayğıya ehtiyacı olan şəxslərə sonsuz məhəbbətini, tolerantlığını, humanistliyini nümayiş etdirir. Bu gün Azərbaycan qadını Mehriban Əliyevanın nüfuzu ilə, həmçinin qayğıya və köməyə ehtiyacı olan insanlara sevgisi ilə qürur duyur, ondan nümunə götürür.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ölkədə yüzlərlə bağça, uşaq evi, park, məktəb, idman kompleksi, dini abidə tikilib və ya bərpa olunub. Fond təhsil, ətraf mühit, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları, idman sahələrində də fəaldır, həmçinin “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində musiqi festivalları təşkil edir, tarixi əhəmiyyətə malik dini-mədəni abidələrin bərpasını həyata keçirir.

Sonda bir məqamı xatırlatmaq yerinə düşərdi: 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ vermiş ilk ölkə olub. Azərbaycan bu mənada ABŞ və Avropanın bir çox ölkəsini belə qabaqlayır.

Bu gün Azərbaycan qadınları ölkənin inkişafında, çiçəklənməsində fəal iştirak edirlər. Onlar ölkənin bütün sahələrində, bütün səviyyələrdə ciddi rol oynayırlar. Bu məsələdə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın xidmətləri danılmazdır. Bu gün güclü ictimai-siyasi xadimi olan Mehriban Əliyeva nümunə götürüləcək şəxsdir. Qərb KİV-ləri xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun Mehriban Əliyevanın sayəsində artdığını yazır ki, bu da təsadüf deyil.

Arxiv üzrə axtarış