Avrokomissar: Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında səsləndirib.
“Cənub Qaz Dəhlizi sayəsində, - lakin təkcə bunun sayəsində deyil, - Azərbaycan Avropa İttifaqı üçün əsas strateji tərəfdaşdır” – deyən G.Ottinger əlavə edib: “Azərbaycan enerjini istehsal və ixrac edən mühüm ölkədir. Avropa İttifaqı bunu yaxşı bilir. SOCAR Cənub Qaz Dəhlizi kontekstində təkcə öz müasir texnologiyasını və “nou-hau”sunu təklif etmir, eyni zamanda, Cənub Qaz Dəhlizində və onun hüdudlarından kənarda, həm Avropa İttifaqında, Qərbi Balkan ölkələrində və həm də bizim tərəfdaşımız olan Türkiyədə çox vacib bir sərmayədardır. Onun biznes modeli neft və qazın hüdudlarını aşaraq hazırda emal fəaliyyəti və neft-kimya sənayesinədək genişlənir. Ona görə də Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər”.