“La Manchette”: Xocalı soyqırımından 27 il ötür. Azərbaycan Brüsseldə yad edir
Brüssel, 26 fevral, AZƏRTAC
Belçikanın fransız dilli “La Manchette” xəbər saytında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımından 27 il ötür. Azərbaycan Brüsseldə yad edir” (“Le massacre de “Khojaly”, 27 ans déjà ! L’Azerbaïdjan commémore à Bruxelles”) başlıqlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yalnız azərbaycanlı olduqları üçün 63 uşaq, 106 qadın və 70 qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, 1275 nəfərin isə əsir götürüldüyü bildirilir. Qeyd olunur ki, ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən bu qətliam Azərbaycanın Xocalı şəhərində baş verib.
Yazıda, həmçinin bildirilir ki, insanlığa qarşı törədilmiş bu cinayətin 27-ci ildönümü ilə əlaqədar Brüsseldə anım tədbirləri keçirilib. Anım tədbirləri Brüsselin Lüksemburq meydanında Avropanın müxtəlif ölkələrindən olan 800 nəfər azərbaycanlının qatıldığı nümayişlə yekunlaşıb. Nümayiş iştirakçıları “Xocalıya ədalət!” şüarları ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən şüarlar səsləndiriblər ”.