2018-11-07

Lüksemburq mətbuatında VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc edilib

Lüksemburq, 6 noyabr, AZƏRTAC

Lüksemburqun AGEFI media qrupunun gündəlik nəşri olunan “Fax” qəzetində VI Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən “The VI Baku International Forum in Baku, Azerbaijan on 25-26 October 2018: From “Black Gold” to “Human Capital” sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi Forumda iştirak etmiş “AGEFI” jurnalının redaktoru Adelin Remidir.

AZƏRTAC xəbər verir ki, məqalədə “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məlumat yer alıb. Qeyd edilir ki, 2010-cu ildən Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil olunan Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr məkanıdır.

Məqalədə, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqindən ayrı-ayrı məqamlara yer ayrılır, o cümlədən dövlət başçısının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunarkən, Dağlıq Qarabağda yaşanan böyük humanitar fəlakət, Xocalı soyqırımı, günahsız insanların qətli, 1 milyondan çox insanın öz doğma torpaqlarından didərgin düşməsi, məscidlərimizin, qəbirlərimizin dağıdılması, muzeylərimizin talan edilməsi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi vurğulanır.

Yazıda, həmçinin VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" mövzusunda keçirilmiş işçi sessiya barədə məlumat verilir, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğu bildirilir, etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti kimi dəyərləndirildiyi vurğulanır.

Arxiv üzrə axtarış