2018-09-20

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir

Bakı, 20 sentyabr, AZƏRTAC

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqının (Aİ) bütün maraqlarına uyğun layihədir və o, Aİ-nin strateji layihələri sırasındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 20-də Bakıda keçirilən VII Beynəlxalq “Caspian Energy Forum Baku-2018”ə ünvanladığı videomüraciətdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O bildirib ki, Avropa enerji baxımından vacib regiondur: "Enerji tranziti də bizim üçün əhəmiyyətlidir və qaz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan, eləcə də Xəzər regionu Avropa İttifaqı üçün vacib tərəfdaşlardandır. Siz Cənub Qaz Dəhlizinin əsas təchizatçısınız. Bu layihənin rellaşdırılması ilə Avropanın enerji balansı şaxələndiriləcək, biz iqlim dəyişikliyi ilə bağlı əsas hədəflərə çatacağıq və ümumilikdə geosiyasi mühit dəyişəcək. Birgə səylərimizlə biz 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql etməyə müvəffəq olacağıq. Bu, tarixi hadisə olacaq.

Maroş Şefçoviç deyib: "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi sayəsində bütün iştirakçı ölkələrlə yanaşı, ümumilikdə Avropa dövlətləri də qazanacaq. Cənub Qaz Dəhlizi qitədə dekarbonizasiyaya və enerji səmərəliliyinə öz töhfəsini verəcək".

Arxiv üzrə axtarış