Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına
Hörmətli toplantı iştirakçıları!
Sizi Bakı şəhərində salamlayır, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının növbəti sammitinin işə başlaması münasibətilə təbrik edirəm.
Avropadakı müxtəlif siyasi partiyaları vahid platformada birləşdirən Alyans nisbətən qısa müddətdə qitənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu bir təşkilata çevrilmişdir. Məmnunluq hissi ilə bildirirəm ki, qurumun bəyan etdiyi milli suverenlik, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər zəngin tarixi ənənələri yaşadan Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur. Əlamətdar haldır ki, bugünkü sammit də müsəlman dünyasında ilk parlamentli respublikanın, qadınlara əksər Qərb dövlətlərindən daha əvvəl seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunduğu dövrə təsadüf edir.
Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası müstəqillik illərində bazar iqtisadiyyatı, demokratiya, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutmuş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilmişdir. Bizim təşəbbüsümüz və yaxından iştirakımızla reallaşan transmilli neft-qaz və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, region ölkələrinin davamlı sosial-iqtisadi inkişafına sanballı töhfələr verir. Mayın 29-da rəsmi açılışı keçirilən Cənub Qaz Dəhlizinin işə düşməsi isə bu sahədə qazanılmış uğurların daha da artırılması üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verir, mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarını yorulmadan təşviq edir, öz imkanları daxilində qlobal problemlərin həllinə kömək göstərir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, 30 il əvvəl başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyədək həm ölkəmizin inkişafı, həm də regional əməkdaşlığın genişləndirilməsi yolunda ən ciddi maneə olaraq qalmaqdadır. Ekspansionist siyasət yürüdən Ermənistan torpaqlarımızın 20 faizini zəbt etmiş və ölkəmizdə bir milyondan çox insanı məcburi köçkün vəziyyətinə salmışdır. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlar münaqişənin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə dair qərarlar qəbul etsələr də, təcavüzə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməmişdir. Ümid edirəm ki, Alyans üzvləri mövcud reallığı nəzərə alaraq, insan hüquqlarının kobud surətdə və kütləvi şəkildə pozulması ilə müşayiət olunan, regionda təhlükəsizliyə ciddi təhdid yaradan işğal faktına adekvat qiymət verəcəklər.
İnanıram ki, Azərbaycanda təşkil etdiyiniz toplantı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə, demokratiyanın və azad cəmiyyətin inkişafına, sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edəcəkdir. Hər birinizə bu yolda uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti