2018-05-17

Lüksemburqda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 may 2018-ci il tarixində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə Lüksemburqun “Royal Hotel” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul və Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə diplomatik korpusun rəhbərləri, Lüksemburq ictimaiyyəti və dövlət qurumlarının nümayəndələr, o cümlədən Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Səfir Fuad İsgəndərov təqdimatda çıxış edərək, Azərbaycan xalqının müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün mürəkkəb bir tarixi yol keçdiyini, bu yolda çoxlu qurbanlar verdiyini, uzun illər gərgin mübarizə aparmalı olduğunu bildirib və “Əbədi ezamiyyət” filminin 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs etdiyini qonaqların diqqətinə çatdırıb.

Bildirilib ki, ekran əsərinin ərsəyə gəlməsi üçün yaradıcı heyət il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşlər keçirib və söhbətləri lentə alıb.

Sənədli film izləyicilər tərəfindən maraqla qarşılanıb.

Arxiv üzrə axtarış