2018-05-18

Lüksemburqda Nizami Gəncəvinin anım günü qeyd edilib

Lüksemburq, 18 may, AZƏRTAC

Lüksemburq şəhərində Azərbaycan və Rusiyanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliklərinin və bu şəhərdə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anım günü keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Nizami Gəncəvinin Rusiyanın Lüksemburqdakı səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulub.

Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirib. Bunu Azərbaycanın həm Rusiya, həm də Avropa xalqları ilə dostluğunun nümunəsi kimi səciyyələndirib.

Diplomat vurğulayıb ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının Benelux ölkələrində mədəniyyət günləri çərçivəsində təşkil edilib. Ümummilli lider Heydər Əliyev Belçika və Lüksemburqa 1996-cı ildə etdiyi səfəri zamanı abidəni ziyarət edib, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib.

Rusiya Federasiyasının səfiri Viktor Sorokin çıxışında Nizami Gəncəvinin anım gününün ənənəvi qaydada dahi mütəfəkkirin abidəsi önündə keçirilməsinin önəmindən bəhs edərək, bu kimi tədbirlərin dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran addımlar olduğunu diqqətə çatdırıb.

Tədbirdə diplomatik korpusun rəhbərləri və onların ailə üzvləri, Lüksemburqda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Arxiv üzrə axtarış