2018-05-09

Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizinə getdikcə daha çox ölkə maraq göstərir”

Bakı, 9 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Energetika naziri bildirib ki, 2006-cı ildə “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə münasibətlərdə yeni mərhələnin əsası qoyulub. Memorandum Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, ölkə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması kimi sahələr üzrə nailiyyətlərin əldə edilməsinə imkan yaradıb. 2011-ci ildə “Cənub Qaz Dəhlizi” üzrə Birgə Bəyannamənin imzalanması isə Xəzər hövzəsi qazının Avropaya çatdırılması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu təmin edib. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə qonaqlara ətraflı məlumat verilib, artıq reallığa çevrilən layihəyə getdikcə daha çox ölkənin maraq göstərdiyi qeyd edilib.

Avropa İttifaqı ilə enerji sahəsində çoxsaylı proqramlar çərçivəsində də geniş əməkdaşlıq əlaqələrindən, hazırlanmış qanun layihələrindən bəhs edilib. Bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, dekarbonizasiya istiqamətində qarşıya qoyulmuş hədəflər və görüləcək işlər, ölkənin gələcək enerji siyasəti ilə əlaqədar qonaqları maraqlandıran suallar cavablandırılıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış