2018-05-08

Avropa-İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası başa çatıb

Bakı, 8 may, AZƏRTAC

Bakıda keçirilən Avropa-İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclası mayın 8-də işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, iclasın sonunda Birgə Bəyanat qəbul olunub. Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həlli məsələsi bir daha dəstəklənib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasınin ikinci - sonuncu günündə 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi zamanı həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasın əsas müzakirə mövzusu da “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar: mövcud vəziyyət və gözləntilər” olub.

Bu cür münaqişələrin regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxardığını deyən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların məlum sənədlərini xatırladıb. Bildirib ki, beynəlxalq qurumların sənədlərinə və hüququn tələbinə baxmayaraq, Ermənistan hərbi təcavüzünü davam etdirir, Azərbaycan ərazilərini işğal altında saxlayır, azərbaycanlı qaçqın və məcburi köçkünlərin yurd-yuvasına qayıtmasının qarşısını alır. Ermənistan silahlı qüvvələri təmas xəttindəki yaşayış məntəqələrimizi də atəşə tutur, hərbçilərlə bərabər mülki şəxsləri də hədəfə alır. Diplomat diqqəti Avropa İttifaqı ölkələrinin şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinə yönəldərək qurumun buna münasibət göstərməsinin vacibliyini önə çəkib. Əlavə edib ki, Ermənistan Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməklə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını alır. Qurum Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində deyil, Ermənistanda yerləşdirilməsini dəstəkləməlidir. Azərbaycan Avropa İttifaqından ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe gözləyir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını ərsəyə gətirməyə nail olub. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan regional layihələrin ən fəal iştirakçısıdır. Ölkəmizdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri uğurla həyata keçirilib. Amma Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu ölkəmizin iqtisadi inkişafını əngəlləyir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən və 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qarşıda duran mühüm məsələlərdən birinin nəinki region dövlətləri, bütövlükdə dünya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq miqyasda tanıdılması olduğunu qeyd edib. O xatırladıb ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın region dövlətləri, eyni zamanda, region ölkələri vasitəsilə Avropa dövlətləri ilə iqtisadi, siyasi, ticari əməkdaşlığı qurulub. Azərbaycan bu gün müstəqil siyasət aparan bir dövlətdir. Ölkəmiz region dövlətləri ilə əməkdaşlığı genişləndirib və Avropanın karbohidrogen ehtiyatları ilə təmin olunmasında mühüm rol oynayır. Bütün bunlar ona görədir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Ölkəmiz dünya dövlətləri ilə iqtisadi-ticarət münasibətlərini möhkəmləndirir. Bu əməkdaşlığın böyük potensialı var. Amma bu əməkdaşlığın genişləndirilməsinə mane olan yeganə səbəb var ki, bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir. “Biz, əlbəttə, istərdik Ermənistanla əməkdaşlıq olsun, sülh olsun, amma bir şərtlə ki, işğal edilmiş Azərbaycan torpaqları azad edilməli, Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməlidir. Bütün regionda sabitlik və sülh yaranmalıdır ki, Cənubi Qafqaz regionu sürətlə inkişaf etsin. Sürətli inkişafa bütün potensial var, sadəcə, Ermənistan buna mane olur. Biz siyasətçi deyilik, parlamentarilərik. Hesab edirəm, burada səmimi söhbət edə bilərik. Azərbaycana qarşı ikili standartlar yürüdürlər, amma Ermənistana qarşı sanksiyalar tətbiq edilmir. Bu işdə Avropa İttifaqına, Avropa Parlamentinə nə mane olur?! Axı Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair özü qətnamə qəbul edib”, - deyə Ziyafət Əsgərov bildirib.

“Beynəlxalq hüquqda ədalət prinsipi pozulub”, - deyən birinci vitse-spiker diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycana qarşı ikili siyasət həyata keçirir. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində narkotik bitkilər yetişdirilir. Hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti işğal altındakı ərazilərdə yetişdirilir. Avropa İttifaqı isə buna reaksiya vermir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz ölkələrində qaçqın və məcburi köçkün həyatı yaşayır. Onların böyük bir hissəsi qadın və uşaqlardır.

Bu fikirləri isə Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Azərbaycana qarşı bu işğalçılıq siyasətindən qadınların və uşaqların çəkdiyi zərərlər birbaşa itkilərlə yanaşı, həm də sonrakı mərhələdə ciddi iqtisadi, sosial çətinliklərlə müşayiət olunub. Qadın qaçqın və məcburi köçkünlərin bu gün üzləşdikləri əsas problemlərdən biri onların bərpa və inteqrasiyası ilə bağlıdır. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatında mənfi fəsadlara yol açıb. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradıb. Başqa bir mühüm məsələ isə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlıdır. Bir çox qadınlar müharibədə itirilmiş qohumlarının, ailə üzvlərinin yükünü bütün həyatları boyu daşıyırlar. Eyni zamanda, minlərlə azərbaycanlı qadın əsir və itkin düşüb. Azərbaycan dövləti 20 ildən artıqdır ki, beynəlxalq ictimaiyyətlə birlikdə həmin şəxslərin azad edilməsi uğrunda çalışır. Bu məsələdə beynəlxalq təşkilatların dəstəyi olduqca vacibdir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Flora Qasımova, Elman Nəsirov və başqaları da Ermənistanın işğalçılıq siyasətindən, Avropa İttifaqının ikili standartlarından danışaraq əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimadın və hörmətin vacibliyini önə çəkiblər. Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə Avropa üçün təhlükə olduğu qeyd edilib. Regionda sülhün və təhlükəsizliyin önəmi vurğulanaraq diqqətə çatdırılıb ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasında çox önəmli tərəfdaşdır.

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim bildirib ki, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımaqda da davam edəcəyik.

Avropa parlamentinin vitse-spikeri Hadi Hautala münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını dilə gətirib.

Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş İdarəsinin rəhbəri Vassilis Maraqos vurğulayıb ki, qurumun Bakıdakı nümayəndəliyi vasitəsilə Azərbaycana yardım edilir. Bu il burada nəqliyyat sahəsində investisiya proqramları həyata keçiriləcək. Gənclərin akademik səviyyəsində mübadiləsi ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq ediləcək. O, Avropa İttifaqının Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini vurğulayıb. Bildirib ki, Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib.

“Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda müzakirələrdə bildirilib ki, ölkəmiz regional əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində önəmli rol oynayır. Şimal-Cənub nəqliyyat dəhlizi çəkilir, yaxın zamanlarda TAP və TANAP enerji layihələrinin istifadəyə verilməsi nəzərdə tutulur.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev yekun çıxışında bu müzakirələrin qurumla ölkəmiz arasında əlaqələrin inkişafına xüsusi töhfə verəcəyini, qarşıdakı əməkdaşlıq üçün yeni zəmin yaratdığını vurğulayıb: “Azərbaycan gözləyir ki, Avropa İttifaqının digər işğal olunmuş ərazilərdə tətbiq etdiyi normalar Azərbaycanın işğal olunmuş ərazilərində də tətbiq olunsun. Avropa İttifaqı mal və xidmətlərin işğal olunmuş ərazilərə çatdırılmasının qarşısını ala bilər. Avropa İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində hüquqi və fiziki şəxslərin fəaliyyətinin qarşısını almalıdır”.

Aparılan müzakirələrin yekunu olaraq Birgə Bəyanat qəbul olunub.

Cavanşir Feyziyev qeyd edib ki, Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regiondakı vəziyyəti qeyri-sabit saxladığı bir daha vurğulanır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həlli dəstəklənir. Eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən köçkün düşmüş insanların hüquqlarının qeyd-şərtsiz bərpa edilməsinə, öz yurdlarına qaytarılmasına dəstək ifadə olunur. Bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli yeni əməkdaşlıq sazişinin imzalanması da parlamentarilər tərəfindən dəstəklənir.

İclasın yekunu olaraq keçirilən mətbuat konfransında tərəflər müzakirə olunan məsələlərdən və qəbul edilən sənəddən razı qaldıqlarını bildiriblər.

“Azərbaycanda çox yüksək səviyyəli görüşlər keçirdik. Əlaqələrin gələcəkdə də inkişaf etdirilməsi üçün hər iki tərəfdə siyasi iradə var. Parlamentarilər münasibətləri yaxınlaşdırmaqla hökumətlərarası əməkdaşlığa dəstək vermiş olurlar. Azərbaycan xalqı mühüm bir hadisəni - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm, - deyə Sayyad Kərim qeyd edib.

Komitənin növbəti toplantısı gələn ilin payızında Avropa ölkələrindən birində keçiriləcək.

Arxiv üzrə axtarış