“Kanal Avrupa” Azərbaycan diasporunun fəaliyyətindən bəhs edən proqram yayımlayıb
Avropa ölkələrində 3 milyondan artıq tamaşaçı auditoriyasına malik “Kanal Avrupa”da yayımlanan “Belçika aktuel” proqramının növbəti buraxılışı Benilüks ölkələrində yaşayan Azərbaycan diasporunun fəaliyyətinə həsr olunub.
Verilişdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Benilüks ölkələrində yaşayan Azərbaycan diasporu tərəfindən son illər ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açılıb, tamaşaçılar Novruz bayramı şənlikləri, habelə 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrin ildönümləri ərəfəsində keçirilən həmrəylik aksiyaları və Benilüks ölkələrinin müxtəlif şəhərlərində ucaldılmış Azərbaycan abidələri barədə ətraflı məlumatlandırılıb.
Proqramda Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi, Belçikadakı türk icmasının nümayəndəsi, Gent Türk Ocağının sabiq rəhbəri Rəcəb Tüncər Sarı, “Belçika Aydın Haber” jurnalının təsisçisi və baş redaktoru Celil Gündoğdunun müsahibələrinə də yer ayrılıb.