Belçikada “Azərbaycan həftəsi” adlı tədbir keçirilib
Belçikanın Brüqqe şəhərində yerləşən “Avropa Kolleci”ndə təhsil alan azərbaycanlı tələbələr tərəfindən ölkəmizin Belçikadakı səfirliyinin dəstəyi ilə bu ali təhsil ocağında “Azərbaycan həftəsi” adlı tədbir keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti və çoxmillətli tələbə kollektivi iştirak edib.
Məlumat üçün bildiririk ki, bu mötəbər ali təhsil ocağında hazırda Azərbaycandan 4 tələbə magistr pilləsi üzrə təhsil alır. Tədbir çərçivəsində tələbələr tərəfindən “Laçın” xalq mahnısı ifa olunub, iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri və şirniyyatları təqdim olunub, həmçinin “Ali və Nino” filmi nümayiş etdirilib. Ölkəmizə aid çoxsaylı təbliğat materialları, jurnal və broşürlər paylanılıb.