2018-03-23

Belçikanın Ham şəhərində Novruz şənliyi təşkil olunub

Belçikanın Ham şəhərində Belçika–Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən ənənəvi Novruz şənliyi təşkil olunub. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Azərbaycanın Belçikadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı Ham şəhərinin meri Dirk De Vis, Belçika–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və səfirliyin nümayəndəsi çıxış edərək bu qədim bayramın önəmindən bəhs edib, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın zəngin milli-mədəni irsinin beynəlxalq miqyasda tanınmasına xidmət etdiyini söyləyiblər. 2009-cu ildən etibarən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Novruzun Ham şəhəri ictimaiyyətinin nümayəndələri timsalında müxtəlif mənşəli şəxsləri bir araya gətirmək kimi keyfiyyətə malik olmaqla, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşma aşılayaraq hazırkı təlatümlü dünyada mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Habelə 2017-ci ildə Ham şəhərinin bələdiyyə binası qarşısındakı mərkəzi meydanda ucaldılmış “Qarabağ atı” abidəsinin Azərbaycan və Belçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu vurğulanıb.

Sonra Novruz ənənələri haqqında videoçarx nümayiş etdirilib və Azərbaycan xalqının bayram adət-ənənələri ilə bağlı iştirakçılara məlumat verilib.

Tədbirin sonunda azərbaycanlı müğənni Çingiz Mustafayev tərəfindən musiqilərimiz ifa olunub. Daha sonra milli şirniyyat və mətbəx nümunələrindən ibarət bayram süfrəsi açılıb.

Tədbir yerli mətbuatda işıqlandırılıb.

Arxiv üzrə axtarış