2018-02-26

Xocalı şəhidlərinin xatirəsi Belçikada yad edilib

25 fevral 2018-ci il tarixində Belçikada Xocalı soyqırımının 26-ci ildönümü  ilə əlaqədar anım mərasimi keçirilib. Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mərasim zamanı çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və həmin hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi dəyərləndirib. Səfir son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqəti yönəldib və bunun xalqımızın sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb, 26 fevral gününün Azərbaycan tarixinə ən unudulmaz və ən ağrılı hadisələrindən biri kimi həkk olunduğunu vurğulamış və 25 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib, abidənin önünə əklil və gül dəstələri qoyublar.

Arxiv üzrə axtarış