Səfir Fuad İsgəndərovun "EurActiv" xəbər portalında V Şərq Tərəfdaşlığı Toplantısının yekunlarına həsr olunmuş video müsahibəsi yayımlanıb
- Brüsseldə keçirilmiş 5-ci Şərq Tərəfdaşlığı Zirvə toplantısı sizin tərəfinizdən yaxşı dəyərləndirilirmi?
Mən artıq 5 ildir ki, bu şəhərdəyəm və 3 Şərq Tərəfdaşlığı Zirvə toplantılarında iştirak etmişəm. Mənim təcrübəmə görə iştirak etdiyim ən yaxşı Zirvə toplantısı oldu. Çox konstruktiv, gələcək yönümlü, real siyasətə əsaslanan, ölkələri və insanları birləşdirən və onları yaxınlaşdıran toplantı oldu.
- Şərq Tərəfdaşlığı Zirvə toplantısının Birgə Bəyannaməsində Azərbaycan üçün ən vacib ismarıc nədir?
Sənəddə Azərbaycan üçün çoxsaylı müsbət ismarıclar yer almışdır. Gəlin ən açığından başlayaq, bu Avropa İttifaqı üzv ölkələri tərəfindən bütün tərəfdaş ölkələrin suverenliliyi, müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsidir. Münaqişələrin həlli məsələlərində bölücü və ayrı-seçkilik səciyyəsi daşıyan heç bir yanaşma olmadı, yəni hər hansı bir münaqişənin həllinə ayrıca vurğu edilmədi. Burada olduqca aydın mövqe və ümumi yanaşma ortaya qoyuldu - münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyi əsasında həllini tapmalıdır. Bu mövqe 4 Şərq Tərəfdaşlığı ölkəsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Təəssüf ki, 6 tərəfdaş ölkədən 4-ü bu münaqişələrə cəlb olunmuşdur və bu münaqişələrin səbəbləri hamıya aydındır. Lakin biz Birgə Bəyannamədə bu münaqişələrin təfərrüatlarına varsaydıq, bu uğursuz olacaqdı. Belə ki, Avropa İttifaqı qarşıdurmaların yaşandığı "döyüş meydanı"na çevirləcəkdi. Lakin Avropa İttifaqı üzv ölkələri və Şərq tərəfdaşları bu məsələdə vahid mövqedən çıxış etdilər. Bizim məsələyə ümumi yanaşmamız oldu və bu bizə imkan verdi ki, Şərq Tərəfdaşlığı platformasını ölkələrin inkişafına, müstəqillik və suverenliliyi məsələlərinə həsr edək. Bu artıq kifayət edir.
- Azərbaycana görə ərazi bütövlüyü Dağlıq Qarabağ, Ukraynaya görə Krım və Donbas, Moldovaya görə Dnestryanı bölgə, Gürcüstana görə Abxaziya və Cənubi Osetiya ilə əlaqəlidir. Sizcə, Zirvə toplantısının bu xüsusda verdiyi ismarıc aydın idimi?
Əlbəttə... Bilirsiniz, bu münaqişələri fərqli adlandıra bilərsiniz. Hər münaqişə ayrı-ayrı ölkələrin ərazisində baş verir. Lakin nəzərə almaq lazımdır ki, bu münaqişələr yoluxucu mahiyyət daşıyır. Əgər bu gün münaqişələr yalnız qonşuluqda baş verirsə, sabahı günü onlar Avropanın daxilinə sıza bilər. Biz regionda, hətta Avropa İttifaqının daxilində baş verən prosesləri görürük və inanın ki, bütün bunlar Avropanın təhlükəsizliyini, onun daxili və xarici siyasətini ciddi təhdid edir. Sevindirici haldır ki, bu məqam Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasında, həmçinin Zirvə toplantısının Birgə Bəyannaməsində öz əksini tapmışdır. Bu istinad Birgə Bəyannamənin özülünü təşkil edir. Başqa sözlə, Avropa İttifaqının bu məsələdə mövqeyi Qlobal Strategiyaya əsaslanır. Bu o deməkdir ki, biz birliyimizi süni şəkildə yaradılmış və digər oyunçular tərəfindən idarə olunan münaqişələrin təsirlərindən qorumalıyıq.
- Zirvə toplantısının Birgə Bəyannaməsində başqa hansı məsələləri işıqlandıra bilərsiniz?
Birgə Bəyannamə və nümayəndə heyətlərinin başçılarının toplantı zamanı etdikləri çıxışlar daha geniş məzmun daşıyırdı. Çıxışlarda çox məqamlar, ilk növbədə bağlantıların yaradılması məsələsi öz əksini tapmışdır. Ölkələr və insanlar arasında əlaqələr, nəql marşrutları...Cənubi Qaz Dəhlizi sənəddə xüsusi işıqlandırılmışdır. Azərbaycan - Avropa İttifaqı yeni ikitərəfli Sazişi üzrə danışıqlara xüsusi istinad verilmişdir. Həmçinin Vahid Aviasiya Məkanı Sazişi üzrə davam edən danışıqlara toxunulmuşdur. Sənəddə həmçinin bildirilir ki, Azərbaycan Avropa İttifaqı ilə vizaların ləğvi ilə bağlı danışıqların başlanılmasına hazır olmalıdır. Bu yeni yanaşmadır. Birgə Bəyannəmin "2020 məqsədləri" adlanan əlavəsi də var. Burada əks olunan məqamlar tamamilə praqmatik - gələcək yönümlü və strateji mahiyyət daşıyır. Zirvə toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerini tərəfindən Avropa və Asiya nəqliyyat marşrutlarını birləşdirəcək Trans-Avropa Nəqliyyat şəbəkələrinin Azərbaycana doğru uzadılması haqqında vacib sənəd imzalandı. Bu, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsindən sonra Azərbaycan üçün yeni əhəmiyyətli perspektivlər yaradır. Qonşuların iştirakı ilə bu cür nəqliyyat layihələrinin həyata keçirilməsi sayəsində Azərbaycan Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilir. Məhz buna görə bu sənəd bizim üçün olduqca əhəmiyyətlidir. Əgər siz məndən bütün bunları ümumiləşdirməyimi istəsəniz deyə bilərəm ki, Birgə Bəyannamə gələcək yönümlü, real və praqmatik siyasətə əsaslanan və tərəfdaş ölkələrin ehtiyaclarını əks etdirən sənəd olmuşdur.
- Avropa İttifaqı ilə ikitərəfli münasibətlər gündəliyində duran növbəti addımlar nədir?
İlk növbədə Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsi üzrə danışıqların davam etdirilməsi... Cümə günü Zirvə toplantısı bitdikdən sonra biz dərhal bazar ertəsi günü siyasi-təhlükəsizlik fəsli üzrə danışıqların növbəti raundunu keçirdik. Bu danışıqlar davam edəcək. Mən ümid edirəm ki, biz bu prosesi həyata keçirdiyimiz birgə iri iqtisadi layihələrlə sinxron şəkildə aparacağıq. Hər iki prosesin paralel şəkidlə getməsi bizə əvvəllər müşahidə etmədiyimiz mühüm nəticələrin əldə edilməsi üçün müstəsna imkanlar yaradacaqdır. Siyasi sahənin bütün seqmentlərində, o cümlədən insan hüquqları, demokratiya, mədəniyyət, təhsil, multikulturalizm sahəsində dialoq güclü iqitsadi-kommersiya əməkdaşlığı üzərində qurulmalıdır. Cənubi Qaz Dəhlizi, nəqliyyat bağlantılarının yaradılması bizim çatmaq istədiyimiz hədəflərdir. Belə olan halda, Azərbaycan - Avropa İttifaqı münasibətləri Avropa Qonşuluq Siyasətində "başağrı" elementi kimi deyil, yeni nailiyyət kimi qiymətləndiriləcəkdir. Bu şəraitdə Aİ qonşuların qonşularını əməkdaşlığa cəlb edə biləcək. Əmin ola bilərsiniz ki, Azərbaycan ciddi əhəmiyyət daşıyan qonşuluğa malik ölkə kimi məhz bundan sonra Aİ-nin ən yaxşı və tərəfdaşlığı müəyyən edilə bilən subyektə çevriləcəkdir.