2017-11-23

Brüsseldə Şərq Tərəfdaşlığı Zirvə Toplantısına həsr olunmuş konsert təşkil edilib

23 noyabr 2017-ci il tarixində Brüssel İncəsənət sarayında (BOZAR) V Şərq Tərəfdaşlığı Zirvə Toplantısına həsr olunmuş konsert proqramı təşkil edilib.

Tədbirin ilk hissəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığına üzv ölkələrdən olan musiqiçilərdən ibarət qrupun ifasında caz musiqisindən nümunələr təqdim edilib. Bu musiqi qrupununa əslən Azərbaycandan olan, Belçika vətəndaşı, tanınmış caz ustası və pianoçu Amina Fiqarovanın rəhbərlik etməsi tamaşaçılar tərəfindən diqqətəlayiq hal kimi qiymətləndirilib, onların böyük marağına səbəb olub.

Daha sonra Şərq Tərəfdaşlığına üzv ölkələrin nazir və ya səfirləri, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri çıxış edərək, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək, mədəni və humanitar əlaqələrin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın həyata keçirilməsində oynadığı vacib rolu vurğulayıblar.

Səfir Fuad İsgəndərov öz çıxışında tədbir iştirakçılarına təşəkkürünü bildirmiş, Azərbaycanın klassik və caz musiqi janrlarında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs etmiş, mədəniyyətlərarası dialoqun və bütün dinlərə hörmətin Azərbaycanın daxili və xarici siyasətinin qayəsində bərqərar olduğunu diqqətə çatdırıb. Səfir onu da vurğulayıb ki, Cənubi Qafqazda baş verən münaqişələr dini və etnik ayrı-seçkilikdən deyil, konkret siyasi amillərdən qaynaqlanır.

Tədbirin ikinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən 6 pianoçu tərəfindən bəstəkar Frans Listin “Heksameron” əsəri ifa edilib. Azərbaycan Respublikasını təmsil edən,  2017-ci il “Gənclər üçün Prezident mükafatının” qalibi, gənc və istedadlı pianoçu Vurğun Vəkilov öz ifası ilə tamaşaçıları heyran edib.

Konsertdən sonra təşkil olunmuş milli mətbəx nümunələrinin təqdim olunduğu qəbul zamanı Azərbaycan təamları xüsusi marağa səbəb olub.

Tədbir yerli KİV-də işıqlandırılıb.

Arxiv üzrə axtarış