2017-10-04

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə giriş nitqi ilə çıxış etdi.

Prezident İlham Əliyevin giriş
nitqi

-Əziz qonaqlar, xoş gəlmisiniz. Düşünürəm ki, bu, Avropa Komissiyasından indiyədək Azərbaycana səfər etmiş ən böyük nümayəndə heyətidir. Şadam ki, bu otaqda kifayət qədər yerimiz var. Bir daha Azərbaycana xoş gəlmisiniz. 

Bilirəm, səfəriniz qısadır, lakin ümidvaram ki, çox məhsuldar olacaq. Siz Azərbaycan haqqında daha çox məlumat əldə edəcək, daha çox görəcəksiniz. Əlbəttə ki, uğurlu əməkdaşlığımızı necə davam etdirə biləcəyimizlə bağlı qərara gələcəksiniz. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bildiyiniz kimi, bizim cəmi 25 yaşımız var. Bu ay biz müstəqilliyimizin bərpa olunmasının 26-cı ildönümünü qeyd edəcəyik. Lakin düşünürəm ki, bu müddət ərzində biz müxtəlif sahələrdə yaxşı irəliləyişə nail olmuşuq. Bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir.

Qarşımızda duran əsas çağırışlardan biri, - mən söhbətimizə bu mövzu ilə başlamaq istərdim, - əlbəttə ki, artıq 25 ildən çoxdur davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Əslində bu, Sovet İttifaqının süqutu ərəfəsində başlayıb və Sovet İttifaqı dağılandan dərhal sonra Ermənistan və digər xarici qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağdakı erməni separatçıları bəşəriyyətə qarşı cinayət törətdilər. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə apardılar və bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqına çevrildi. Onlar Dağlıq Qarabağı tamamilə işğal etdilər, orada olan 30 faizə yaxın Azərbaycan əhalisini qovdular və ermənilərin heç vaxt yaşamadığı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğal etdilər. Bundan əlavə, bu işğal nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı da etnik təmizləməyə məruz qaldı. Bir milyon nəfər. Həmin vaxt Azərbaycanın əhalisi 8 milyondan bir qədər artıq idi. Bu, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə ən yüksək rəqəmlərdən biri idi.

İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Bütün binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər ermənilər tərəfindən dağıdılıb. Onlar Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədərək 613 günahsız insanı qətlə yetirdilər. Onların 100-dən çoxu qadın, 60-dan çoxu uşaq idi. Onlar bizim tarixi və dini abidələrimizi dağıdaraq mədəni irsimizə qarşı soyqırımı törətdilər. Vəziyyət belədir.

Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir. Onlara qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar. Onlar hərbi helikopterlərlə bizim mövqelərimizə hücum edəndə və biz cavab vermək məcburiyyətində qalanda bu, bütünlükdə 2015-ci il ərzində danışıqların dondurulmasına səbəb oldu. 2016-cı ildə təzyiq yenidən artmağa başlayanda onlar kəndlərimizi atəşə tutmağa başladılar və 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq. Cavab çox ciddi və effektiv oldu. Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq. Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürməyə başladılar. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi. Ermənilər bizim bunu heç vaxt qəbul etməyəcəyimizi yəqin ki, başa düşürlər. Bu, ola bilsin ki, onlar üçün məlum səbəblərə görə daha bir vaxt qazanmaq fürsəti idi. Beləliklə, 2016-cı ildə, ilin ikinci yarısında və 2017-ci ildə danışıqlarla bağlı vəziyyət bir növ dondurulmuşdur. Onların taktikası status-kvonu bacardıqları qədər dəyişməz saxlamaqdır. Hazırda onlar regionun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ respublikası”nın bir hissəsi kimi təqdim olunduğu yeni xəritələrini tərtib edirlər. Bu, onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək.

Bu gün bu münaqişənin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə daimi təhlükədir. Beləliklə, görüşümüzün əvvəlində sizə əvvəla nə baş verdiyi və nə etməklə bağlı fikirlərimi təqdim etmək istədim. Düşünürəm ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi, - yəqin ki, onların regiona səfər etməyi planlaşdırdığını bilirsiniz, - beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır. Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik.

İnkişafımız və problemlərimizlə bağlı digər məsələlərə gəlincə, demək istərdim ki, münaqişə, dağıntılar və iqtisadi çətinliklərə baxmayaraq, ölkə inkişaf etməyə müvəffəq olub. Biz on milyardlarla birbaşa xarici sərmayə cəlb etmişik, Azərbaycanda yaxşı investisiya mühiti yaratmışıq, iqtisadiyyatımızı müasirləşdirmişik, əsasən infrastruktur və insan kapitalına sərmayə yatırmışıq. Düşünürəm ki, bu gün Azərbaycan iqtisadi cəhətdən sovet keçmişindən, planlaşdırılan iqtisadiyyatdan müasir sistemə və bazar iqtisadiyyatına keçən ölkə kimi yaxşı nümunələrdən biridir. İqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorun payına düşür. Biz işsizlik, yoxsulluq kimi əsas, çox ciddi sosial problemləri həll etməyə müvəffəq olmuşuq. Hazırda yoxsulluq və işsizlik səviyyəsi 5-6 faizə yaxındır. Düşünürəm ki, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Biz əsasən təhsilə sərmayələr yatırırıq. Çünki əminik ki, yalnız təhsilli və təlim keçmiş insanlar uzunmüddətli inkişafı təmin edə bilərlər. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Biz səhiyyə sahəsinə böyük sərmayələr yatırırıq. Son 15 ildə 600-dən artıq müasir xəstəxana tikilib və yenidən qurulub. Hazırda hər il 5 milyondan artıq adam, əhalimizin yarısı pulsuz tibbi müayinədən keçir. Bu, insanların sağlam qalmasına kömək edir.

Bizim iqtisadi göstəricilərimiz Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmələrdə də əks olunub. Onların bizim islahatlarla bağlı qiymətləndirmələri çox müsbətdir. Əlavə olaraq, Davos İqtisadi Forumunun son dəfə dərc etdiyi iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə yeni hesabatda Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində 35-ci yerdə qərarlaşıb. Axırıncı dəfə biz 37-ci yerdə idik, indi isə 35-ci yerdəyik. Biz MDB ölkələri arasında birinciyik və 140 ölkə arasında 35-ci olmaq həqiqətən də böyük uğurdur. Bu, bizim dediklərimiz deyil. Bu, Davosun dedikləridir. Azərbaycanın iqtisadiyyatı uğurla inkişaf edir. Biz qeyri-enerji sektoruna böyük diqqət yetiririk. Bu il ixracatın artımı 20-30 faiz təşkil edir, kənd təsərrüfatı sahəsində ixrac artımı isə 50 faizdən çoxdur. Beləliklə, iqtisadiyyatın şaxələnməsi artıq bir reallıqdır. Buna görə də neftin qiymətinin çevik düşməsinin bizə müəyyən problemlər yaratmasına baxmayaraq, çox qısa müddətdə biz bu problemlərin öhdəsindən gələ bildik. Əlbəttə ki, Azərbaycan böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında bizim neftimiz təqribən 25-30 faiz təşkil edir. Beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında biz öz rolumuzu oynayırıq. Bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalanıb. Bu müqavilə bizə nəhəng neft yataqlarımızın 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiyalar yatırılacaq. Əlbəttə ki, Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir və biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq şəraitində bu məsələ üzərində çalışırıq. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub. Bu gün bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm artacaq. Çünki biz hazırda yeni nəhəng qaz yataqlarının kəşfiyyat işlərini aparırıq. Ona görə, bu, böyük bir ehtiyatdır. Biz Azərbaycanı qeyd etdiyim ölkələr vasitəsilə Avropa, İtaliya ilə birləşdirən boru xəttinin inşasını aparırıq. Boru xəttinin uzunluğu 3500 kilometrdir və bu xəttin inşaat işləri də uğurla gedir. Ümid edirik ki, gələn il birinci faza olacaq və 2020-ci ildə layihə tamamlanacaq. Bu layihənin dəyəri ən azından 40 milyard ABŞ dolları təşkil edir və Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsində fəal investor qismində çıxış edir və öz töhfəsini verir. Bizim toplanılmış maliyyə ehtiyatlarımız istənilən layihəni həyata keçirmək üçün kifayət edir, hazırda 40 milyard dollardan da artıqdır. Bizim çox kiçik xarici borcumuz var və bu, ümumi daxili məhsulun 20 faizindən daha da azdır. Buna görə də biz beynəlxalq maliyyələşməni cəlb etməkdə heç bir problem yaşamırıq. Bizim etdiklərimiz isə əsasən “Cənub Qaz Dəhlizi” layihəsi ilə əlaqəli məqsədlər üçündür.

Digər infrastruktur layihələri və yerli səviyyədə həyata keçirdiyimiz layihələr üçün biz dövlət büdcəsinin vəsaitlərindən istifadə edirik. Buna görə də iqtisadiyyat və enerji təhlükəsizliyi nöqteyi-nəzərindən, əlbəttə ki, Azərbaycanın gələcəyi daha da yaxşı olacaq. Bununla bağlı mənim heç bir şübhəm yoxdur.

Qeyd etmək istədiyim digər məsələ isə nəqliyyatdır. Bu sahə təkcə bizim üçün önəm kəsb etmir. Enerji resurslarının işlənilməsi kimi layihələrdə nəqliyyat sahəsində regional və ya qitə səviyyəsində əməkdaşlıq olmasa, heç bir uğur qazanmaq olmaz. Buna görə də bizim hədəfimiz Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir. Bu məqsədlə biz keçmişdə artıq böyük sərmayələr yatırmışıq. Biz ölkəmizi qonşu ölkələrlə birləşdirən bütün magistrallarımızı müasirləşdirmişik. Biz altı beynəlxalq hava limanını inşa etmişik və həm sərnişindaşıma, həm də yükdaşımalar üçün təyyarə parkımızı yeniləmişik. Biz dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi mərhələsindəyik. Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var, 300-ə yaxın gəmimiz var. Bakıda bütün növ gəmiləri inşa edə bilən müasir gəmiqayırma zavodumuz var və biz faktiki olaraq bu işləri görürük. Gələn il biz Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanını istismara verəcəyik. Bu limanın maksimum yükqəbuletmə, yükgöndərmə tutumu ildə 25 milyon ton olacaq. Bütün bu işlər qonşularımız, yaxın qonşularımız və o qədər də yaxın olmayan qonşularımızla əlaqə yaratmaq üçün görülür. Şərq-Qərb Nəqliyyat Dəhlizi çox tezliklə fəaliyyət göstərəcək. Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir və Azərbaycan buraya da sərmayə yatırıb. Bu, əlbəttə ki, bizə qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək. Bu, ölkənin geosiyasi əhəmiyyətini artıracaq. Çünki dənizə çıxışı olmayan, açıq bazarlara, açıq dənizlərə çıxışı olmayan ölkə olaraq və eyni zamanda, dəmir yolları, hava ilə yükdaşımaları, magistral daşımalar və dəniz daşımalarından ibarət inteqrasiya edilmiş bir sistem olan nəqliyyat mərkəzini yaratmaq, hesab edirəm ki, həqiqətən də böyük bir aktivdir.

Avropa İttifaqı ilə əməkdaşlığımızla bağlı sonuncu bir məsələni də qeyd etmək istəyirəm. Bu ilin fevral ayında mənim Brüsselə çox uğurlu səfərim oldu. Səfərdən bir gün sonra biz Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzərində rəsmi danışıqlara başladıq. Məndə olan məlumata görə, danışıqlar uğurla davam edir. Bizdə danışıqları gec olmaqdansa, daha tez yekunlaşdırmaq istəyi var və biz Avropa İttifaqı ilə münasibətlərdə yeni bir səhifənin açılışını etmək istəyirik. Avropa bizim əsas ticarət tərəfdaşımızdır və bizim Avropa ilə ənənəvi əlaqələrimiz var. XIX əsrdə Azərbaycana Avropa kapitalı sərmayə qoyulmuşdu və Azərbaycanda Avropa mədəniyyətinin mədəni irsi var. Bu da müsəlman dünyasında Azərbaycanda ilk baletin səhnəyə qoyulması, ilk teatrın yaradılması, habelə 1918-ci ildə ilk demokratik respublikanın yaradılması faktında öz əksini tapır. Bütün bunlara əsasən Avropanın təsiri olub. Respublika yalnız iki il müddətində fəaliyyət göstərdi, sonra bizi müstəqillikdən məhrum etdilər. Lakin o iki il müddətində Azərbaycan xalqı müasirliyə, modernləşməyə doğru irəlilədiyini nümayiş etdirdi. Həmin vaxtın ən vacib nailiyyətlərindən biri qadınlara bir çox Avropa ölkələri ilə müqayisədə daha erkən səsvermə hüququnun verilməsi idi. Buna görə də Avropa irsi həmişə Azərbaycanda mövcud olub və indi təhlükəsizlik, siyasi inkişaf, ticarət, enerji, nəqliyyat, multikulturalizm kimi bütün vacib məsələləri özündə ehtiva edəcək yeni sazişlə biz Avropa İttifaqı ilə münasibətlərin uğurla inkişaf edəcəyinə ümid edirik. Bu arada biz vaxt itirmədik, biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışdıq və indi Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı var, ya saziş, ya bəyannamə formasında. Beləliklə, biz Avropa İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab olunuruq. Hesab edirəm ki, bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir və bayaq qeyd etdiyim kimi, mənim Brüsselə uğurlu səfərimdən çoxlu gözləntilərimiz var və nəticələr çox yaxşı idi. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter STİVENS çıxış edərək dedi:

-Cənab Prezident, həvəsləndirici sözlərə görə çox sağ olun. Bizi qəbul etmək üçün ayırdığınız vaxta və göstərilmiş qonaqpərvərliyə görə də minnətdarıq. Haqlı olaraq, qeyd etdiyiniz kimi, bu, ola bilsin, qəbul etdiyiniz ən böyük nümayəndə heyətidir. Əslində, biz 28 ölkənin səfirlərindən ibarət qrupuq. Biz faktiki olaraq, Avropa İttifaqı və nazirlər üçün xarici siyasətin əsaslandırılması ilə məşğuluq. Qeyd etməliyəm ki, mən burada 2006-cı ildə olmuşam və həmin vaxt, ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt ilə gəlmişdim. İndi isə yenidən qayıtmışam və görürəm ki, ölkədə çox böyük dəyişikliklər baş verib. Bu, kifayət qədər sevindiricidir.

Bildirməliyəm ki, biz bu səfərə böyük əhəmiyyət veririk. Fikrimcə, səfər yerinə düşəndir, çünki Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq gedir. Eyni zamanda, biz Şərq Tərəfdaşlığına, xüsusən də Azərbaycana əhəmiyyət veririk. Siz də bunu haqlı olaraq qeyd etdiniz.

Brüsselə səfərinizdən sonra əlaqələrimizdə kifayət dərəcədə dinamik inkişaf baş verib. Hazırda yeni saziş üzrə danışıqlar gedir. Danışıqların artıq bir neçə raundu keçirilib. Fikrimcə, onlar çox yaxşı istiqamətdə davam edir. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar başa çatacaq. 1996-cı il tarixli “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” əvvəlki saziş üzərində də böyük iş gedir. Bir daha qeyd edirəm ki, münasibətlər təbii olaraq həmin əsaslarla, o cümlədən Şərq Tərəfdaşlığı ilə tənzimlənir. Sizi Şərq Tərəfdaşlığı Sammiti münasibətilə Brüsseldə böyük məmnuniyyətlə salamlamağı arzulayırıq. Fikrimcə, bu yeni saziş sayəsində irəliləyişlə ola bilsin ki, biz aviasiya haqqında saziş barədə də danışıqlar apara bilərik. Bu, Zirvə görüşü üçün çox yaxşı nəticə sayıla bilərdi və göstərərdi ki, bizim Azərbaycanla əlaqələrimiz nə dərəcədə yaxın və sıxdır. Bildirməliyəm ki, Sizin qeyd etdiyiniz regional hadisələr baxımından Azərbaycan beynəlxalq arenada çox mühüm müstəqil iştirakçıdır. Mənə elə gəlir ki, bu məsələlər gələcəkdə işləyə biləcəyimiz xarici siyasətin, eləcə də təhlükəsizliyin də mühüm sahəsidir.

Siz, həmçinin tolerantlıq mədəniyyəti məsələsini qeyd etdiniz. Dini tolerantlığa gəldikdə, müxtəlif dinlər burada yan-yana mövcud olublar. Bu, gözəl nümunədir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin müasirləşdirilməsinə yönəlmiş səylərinizi də xüsusi olaraq qeyd etdiniz. Ölkədə uzunmüddətli artım və sabitlik perspektivlərini təmin etmək olduqca vacibdir. Siz, həmçinin təhsil sahəsində də çox işlərin görüldüyünü, qeyd olunmuş məsələlərin reallaşması üçün cəmiyyətin bütün təbəqələrinin səfərbər olunduğunu söylədiniz. Eyni zamanda, investorların üzünə açıq olduğunuzu, xarici investisiyalara yol açan sərmayə mühitinə diqqət yetirdiyinizi bildirdiniz. Fikrimcə, sərmayədarlar üçün hüquqi əsasları və qanunun aliliyini də təmin etmək vacibdir. Bu halda, onlar da gözlənilən fəaliyyətdə şəffaf olurlar.

Bu baxımdan, icazə verin narahatlıq doğuran bəzi məsələləri də qeyd edim. Söhbət ölkədə ifadə azadlığı, toplaşmaq azadlığından gedir. Müəyyən şəxslərin azadlıqdan məhrum olunması ilə bağlı bəzi məlum işlər var. Bilirəm ki, Siz penitensiar sistemin humanistləşdirilməsi sahəsində də bir çox işlər görürsünüz. Ümid edirəm ki, təklifləriniz də parlamentdə razılaşdırılacaq və qəbul olunacaq. Fikrimcə, bunu Avropa Şurasının üzvü kimi göstərmək vacibdir. Həmçinin nəzərə alsaq ki, bu cür məsələlərin həlli ilə bağlı Avropa Məhkəməsinin qərarı da var. Həmin addım bizə də yardımçı ola bilərdi, çünki biz münasibətlərimizin genişləndirilməsində, vətəndaş cəmiyyəti ilə işləməyimizdə və ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsində çox maraqlıyıq.

Dağlıq Qarabağa gəldikdə, fikrimcə, siz Ermənistan prezidenti ilə Brüsseldə olduğunuz zaman prezident Tusk fikrini çox aydın şəkildə qeyd etdi. Biz çox istərdik ki, status-kvo deyil, siyasi nizamlanma tapılsın. Həmsədrləri bu baxımdan tam dəstəkləyirik. Siz də qeyd etdiyiniz kimi, mən də bilirəm ki, həmsədrlər regiona səfərə gəlir. Bilirəm ki, prezidentlər arasında da görüşün keçirilməsi plandadır. Bəlkə də bu məsələni bir az aydınlaşdırardınız. Bu baxımdan, bəlkə yaxşı olardı ki, fransalı həmkarıma da söz verim.

X X X

Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas SURAN çıxış edərək dedi:

-Cənab Prezident, icazə versəydiniz, mən qısa olaraq üç məsələni qeyd etmək istərdim. Birincisi, Dağlıq Qarabağla bağlıdır. Bildiyiniz kimi, sentyabrın əvvəlində burada olmuş xarici məsələlər üzrə dövlət katibi tərəfindən bəyan edilmişdir ki, danışıqların indiki durumu və təmas xəttində baş verən silahlı toqquşmalar bizi çox narahat edir. Biz də Siz düşündüyünüz kimi, hesab edirik ki, status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq. Məqsədimiz çox aydındır: beynəlxalq hüququn prinsiplərinə, xüsusən də hamımız üçün sarsılmaz olan Helsinki Yekun Aktına uyğun şəkildə məsələnin həllinə nail olmaq. Yəni, bildiyimiz kimi, güclə təhdid etməmək və ya ondan istifadə etməmək, dövlətlərin tam ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək həmin Aktın prinsipləridir. Bu baxımdan, tərəflər arasında ən yaxşı həll variantının tapılmasında qərəzsiz olmaqda Minsk qrupunun həmsədri kimi bizə arxalana bilərsiniz.

Bilirik ki, BMT-nin Baş Assambleyasının sessiyası zamanı xarici işlər nazirləri sentyabrın 23-də görüş keçirdilər. Gördük ki, Minsk qrupu həmsədrlərinin bəyanatında qeyd olunub ki, bu ilin sonuna qədər görüşün keçirilməsi mümkündür. Bildiyiniz kimi, Prezident Makron şəxsən bəyan etdi ki, biz sizə məsələnin həllinin tapılmasında kömək etməyə hazırıq. Sədrimiz Avropa İttifaqının tam siyasi dəstəyini vurğuladı. Fikrimcə, həmsədrlərin irəli sürdüyü təşəbbüslər üzərində işin aparılması çox vacibdir. Bu baxımdan, biz güclü siyasi dialoq apardığınız Avropa İttifaqı ilə tam yekdilik. Bir daha bizim üçün ən vacib olan odur ki, danışıqlar tezliklə bərpa olunsun, çünki bu, çox vacibdir və yekun nəticədə, bölgədə və əlbəttə, onun xalqları üçün sabitlik və təhlükəsizliyi təmin edə bilər.

Dağlıq Qarabağla bağlı sonuncu məsələni də qeyd edim. Çünki bunu kifayət qədər vacib hesab edirəm. Hazırda biz Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsinin razılaşdırılması mərhələsindəyik. Əlbəttə, biz regionda münaqişələr barədə müddəanı kənarda qoymayacağıq. Bu, çox vacibdir. Hesab edirik ki, bəyannamə mümkün qədər bitərəf olmalıdır və beləliklə, bütün tərəflərin maraqlarına cavab verən güzəştlər əsasında sənəd tərtib ediləcək. Bu, olduqca vacib məsələdir. Çox qısa olaraq, iki digər məqamı da qeyd edim. Birincisi, Sizi əmin etmək istərdik ki, bu məsələ Azərbaycan və Avropa İttifaqının bütün üzv dövlətləri üçün qarşılıqlı maraq doğurur. Söhbət enerji sektorundan, xüsusən də Cənub Qaz Dəhlizinə verdiyimiz dəstəkdən gedir. Bilirik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, o cümlədən Azərbaycanın hakimiyyət orqanları bu işdə çox mühüm rol oynayır. Avropa İnvestisiya Bankından ayrılan kreditlərə, eləcə də Avropa İttifaqında enerji mənbələrinin və təchizatın şaxələndirilməsində açılan imkanlara gəldikdə, Siz bizə arxalana bilərsiniz.

Nəhayət, sonuncu məqamı bildirim. Siz də bunu çox düzgün olaraq qeyd etdiniz. Söhbət Azərbaycanın multikulturalizm sahəsindəki fəaliyyətindən gedir. Azərbaycan və Avropa İttifaqının üzləşdiyi ümumi çağırışla, yəni, terrorçuluğa qarşı mübarizə ilə bağlı fikirlərinizi öyrənmək mənim üçün maraqlı olardı. Biz terrorçuluğun mövcud olduğu regiondayıq. Cənubda Suriya, İraq hadisələri baş verir. Bilirik ki, bizim, o cümlədən Sizin bəzi vətəndaşlarınız xaricdə döyüş əməliyyatlarına qoşulur. Bu barədə bir az fikirlərinizi öyrənmək, problem haqqında, edə biləcəyimiz əməkdaşlıq barədə nə düşündüyünüzü bilmək bizim üçün maraqlı olardı. Çox sağ olun.

X X X

Sonra Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana KARADJOVA çıxış edərək dedi:

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə minnətdarıq. Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsində Bolqarıstanın təmsilçisi və həmkarlarım üçün Sizinlə görüşməkdən böyük məmnunluq və şərəf hissi duyuruq.

Azərbaycanın yerləşdiyi region iki məqam baxımından bizim üçün çox vacibdir. Birincisi, Qara dəniz və Xəzər dənizi bölgəsində sabitlik, təhlükəsizlik və demokratiya məsələləri ilə bağlıdır. İkinci məqam isə fransız həmkarım və Sizin də qeyd etdiyiniz kimi, enerji və nəqliyyat dəhlizlərini nəzərdə tutur. Həqiqətən, Cənub Qaz Dəhlizi çox mühüm marşrutdur. Biz enerji mənbələrinin və təchizat yollarının şaxələndirilməsi üzərində birgə çalışırıq. Bu baxımdan, Azərbaycanın oynadığı aparıcı rolu alqışlayırıq. Həmin layihənin başa çatdırılması mənim ölkəm və Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Siz də qeyd etdiniz ki, 2020-ci ildən başlayaraq bu marşrutla enerji daşıyıcılarının nəqlinin reallaşması vacibdir. Körfəz ölkələrindən Qara dəniz regionuna multimodal daşımalar marşrutu da çox əhəmiyyətlidir. Bu baxımdan, Asiyadan Avropaya marşrutun qurulmasında geosiyasi çağırışların üstünlüklərə çevrilməsi məqsədəuyğundur. Əlbəttə ki, enerji məsələsi Avropa İttifaqının gündəliyində əsas yer tutur. Sədrimiz də qeyd etdi ki, Azərbaycanla münasibətlərimiz təkcə bununla məhdudlaşmalı deyil. Biz Avropa İttifaqı ilə yeni əhatəli sazişin razılaşdırılmasını çox alqışlayırıq. Ümid edirəm ki, sazişin mətni tezliklə yekunlaşdırılacaq. Siz bir sıra ölkələrlə strateji tərəfdaşlıq sazişlərini qeyd etdiniz. Mənim də ölkəm onların sırasındadır və həmin münasibətləri yaradıb. Fransalı həmkarımın sualından irəli gələrək, regional konteksti, mühüm qonşularınızın və tərəfdaşlarınızın, xüsusən də İranın və Türkiyənin regional siyasəti barədə daha ətraflı danışsanız, Sizə minnətdar olardım. Sağ olun.

X X X

Daha sonra Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Almaniyadan olan səfiri Mixael FLÜGER çıxış edərək dedi:

-Cənab Prezident, bizi burada qəbul etdiyinizə görə təşəkkür edirəm. Ölkənizlə qurduğumuz diplomatik münasibətlərin 25-ci ildönümündən çox məmnunuq. Əlbəttə ki, gözlərimiz Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə yönəlib. Mən sadəcə sədrimizin söylədiyini bir daha təkrar etmək istərdim. Çox istərdik ki, Siz də orada olasınız. Altı ölkənin əhalisi üçün Şərq Tərəfdaşlığının faydalı olması barədə işarə vermək, eləcə də nəinki iqtisadi əməkdaşlığın yaxşılaşdırılması, o cümlədən terrorçuluğa qarşı mübarizə barədə daha ətraflı danışmaq, praktiki xarici siyasət sahəsində əməkdaşlıq etmək baxımından Azərbaycanın yüksək səviyyədə təmsil olunması zəruridir. Bütün bunlar bizim marağımızdadır.

Bir məsələni də qeyd etmək istərdim. Siz bunu artıq açıqladınız. Azərbaycan Demokratik Respublikasının 100-cu ildönümü qarşıdadır. Bu, müsəlman Şərqində həmin dövrdə çox müasir və dünyəvi respublika idi. Məlumdur ki, bizim ölkələrimizdə qadınlara səsvermə hüququ ondan xeyli gec verilib. Bu münasibətlə Sizi təbrik edirik.

Əvvəldə qeyd edilən tolerantlıq məsələsinə gəldikdə, ümid edirik ki, bu, bir məsələyə də tətbiq olunsun. Hazırda vətəndaş cəmiyyətindən eşidirik ki, cinsi və gender mənsubiyyətinə görə ayrı-seçkilik halları baş verir. Bilirik ki, həbs olunmuş həmin şəxslərin əksəriyyəti artıq azadlığa buraxılıb. Bu, yaxşı işarədir. Əminik ki, Azərbaycan BMT, ATƏT və Avropa Şurası çərçivəsində öz beynəlxalq öhdəliklərini yerinə yetirəcək.

Bir böyük xahiş də var. Fikrimizcə, Avropa Şurasından çıxmaq ideyası həm Avropa Şurası, həm Azərbaycan üçün olduqca pis ideyadır. Ümid edirik ki, Siz burada işarə verəsiniz və bu mövqe barədə yenidən düşünəsiniz. Hesab edirik ki, bütün bunlar Azərbaycana beynəlxalq arenada öz potensialını tam şəkildə reallaşdırmaq imkanı verəcək. Biz birmənalı olaraq istərdik ki, Azərbaycan təşkilatda qalsın. Ərazi bütövlüyü ilə bağlı sual da vermək istərdim. Ukraynada ərazi bütövlüyü məsələsi ilə bağlı mövqeyinizi öyrənmək istərdik. Sağ olun.

X X X

Dövlətimizin başçısı görüşdə yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun
nitqi

-Əvvəlcə ölkəmizin inkişafının qiymətləndirilməsinə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiniz ki, son dəfə burada 2006-cı ildə olmusunuz. O zamandan bəri çoxlu dəyişikliklər olub. Bu isə onun göstəricisidir ki, ölkə sürətlə inkişaf edir. Bu, təkcə Bakıya aid deyil, biz Azərbaycanın bütün bölgələrində sakinlər və biznes dairələri üçün maksimum imkanların yaradılması məqsədilə nəhəng infrastruktur və inkişaf layihələri həyata keçirmişik. Hazırda vəziyyət elədir ki, regionlar çox uğurla inkişaf edir. İqtisadiyyatımızın şaxələndirilməsi əsasən regional infrastrukturun yaradılması və regional inkişafın təmin olunması sayəsində mümkün olub. Bu sahəyə böyük sərmayə yönəldilib. Mən prezidentlik müddətimin əvvəlində - 2004-cü ildə demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Biz o vaxtdan təhsil və səhiyyə infrastrukturuna böyük sərmayə yatırmışıq. Qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sahəsində müvafiq işlər görülüb, onların 250 min nəfəri yeni ev və mənzillərlə təmin olunub və bu proses davam etməkdədir. Onların bir hissəsi hələ də çətin vəziyyətdə yaşayır, lakin siz də anlayırsınız ki, bu, böyük vəsait tələb edən layihələrdir. Biz həmin insanların daha yaxşı şəraitdə yaşamaları üçün milyardlarla dollar sərf etmişik. 

Burada Fransa səfiri Dağlıq Qarabağ məsələsinə toxundu. Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək, ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bunu siz də qeyd etdiniz və bu, məlum məsələdir ki, bizim ölkədə dini və etnik tolerantlıq yüksək səviyyədədir. Biz multikulturalizmin mərkəzlərindən biri kimi tanınırıq və ötən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və hesab edirəm ki, bu, bizim uğurlu inkişafımızın vacib elementidir. Yeri gəlmişkən, düşünürəm ki, bu məsələ müzakirələrin bir hissəsi olmalı və sazişə daxil edilməlidir. Azərbaycan Avropa ilə müsəlman dünyası arasında coğrafi körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolunu oynayır. 2008-ci ildə biz “Bakı prosesi”nə start verdik. Həmin il biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin müvafiq nazirlərini dəvət etdik. İlk dəfə idi ki, 100-dən artıq dövlətin nümayəndəsi bir araya gəldi və artıq bu gün o, “Bakı prosesi” adlanır. Həmin proses inkişaf etməkdə davam edir və BMT tərəfindən dəstəklənir. Müasir, dünyəvi müsəlman ölkəsi kimi Azərbaycanın rolu artır və deyərdim ki, ölkəmizdə cəmiyyətin dünyəvilik statusunun dəstəklənməsi üçün gördüyümüz işlər təkcə bizim üçün deyil, region üçün də olduqca əhəmiyyətlidir.

Beynəlxalq terrorizmlə bağlı məsələlərə gəldikdə, bir qədər əvvəl qeyd etdiklərim bununla bilavasitə əlaqəlidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq terrorizmlə mübarizədə yalnız hərbi vasitələrlə uğur qazanmaq mümkünsüzdür. Çünki əvvəlcə ideoloji təhlükələrdən qorunmaq lazımdır. İnsanları qane edəcək yaşayış standartları və rahatlıq təmin olunmalıdır ki, onlar həyatlarından məmnun olsunlar. Onlar təhsil almalıdırlar. Qeyd etdiyim kimi, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır.

Azərbaycanda getdikcə daha çox savadlı gənclər müxtəlif mühüm vəzifələrdə çalışırlar. Yəni, bu, ekstremizmə qarşı əsas səddir. Terrorizm prosesin son mərhələsidir. Manipulyasiya, savadsızlıq, təbliğat, narazılıq, sosial qeyri-bərabərlik, yoxsulluq, işsizlik və nəhayət, terrorizm. Yəni, bütün bu amillər aradan qaldırılmalıdır. İşsizlik bizdə 5 faiz təşkil edir. Əslində, bundan da az ola bilər, ancaq bəziləri işləməyərək yalnız dövlətdən ianə almaq istəyir. Biz yoxsulluğu demək olar ki, aradan qaldırmışıq. Çünki 2003-cü ildə bu göstərici 49 faizə bərabər idi, indi isə 6 faizdir. Bir məsələni də nəzərə almaq lazımdır ki, Ermənistandan fərqli olaraq əhalimizin sayı artır. Orada əhali azalmaqdadır. Əhalimiz ildə 100 min nəfərdən artıq çoxalır. Bu səbəbdən işsizliyin aşağı səviyyədə saxlanılması olduqca ciddi çağırışdır. Təbii ki, biz terrorizmlə mübarizə sahəsində beynəlxalq səylərə töhfəmizi veririk. Bu mənada, bizim ölkədə daxili təhlükə mövcud deyil. Bütün təhlükələr xaricdən qaynaqlanır.

Bolqarıstan səfiri enerji və nəqliyyat məsələlərini qeyd etdi. Bolqarıstan enerji sahəsinin inkişafında bizim yaxşı tərəfdaşımızdır. Ümid edirəm ki, Bolqarıstan üç ildən sonra Azərbaycan qazını qəbul edəcək. Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır. Enerji təhlükəsizliyimizə gəldikdə, bütün işlər görülüb, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir. Müasir nəqliyyat infrastrukturunun yaradılması üçün tərəfimizdən bütün işlər görülüb. Bizim ehtiyatlarımız məlumdur, bazar müəyyən edilib. Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii qaza tələbat artacaq və Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir. Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Artıq üçüncü dəfədir ilin əvvəlində biz Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısını keçiririk ki, həmin iclaslarda Avropa Komissiyasının vitse-prezidentləri iştirak edirlər.

Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm. Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq.

Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var kimi” fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik.

Avropa təsisatlarına gəldikdə, bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur.

Mən Şərq Tərəfdaşlığı Sammitində iştirak üçün dəvətə görə minnətdaram. Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, Zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən “Şərq Tərəfdaşlığı” proqramına dəstək verdi. Mən şəxsən Şərq Tərəfdaşlığının ilk Sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm, sonuncunu istisna etməklə. Orada olmamağımın da səbəbini yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantını kənara qoymaq üçün əsas yoxdur. Bir sözlə, onun üçün ümidlərimiz böyükdür. Eyni zamanda, lap əvvəldən razılaşmamağım onunla bağlı idi ki, üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Biz Azərbaycanıq. Biz geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkəyik. Bu səbəbdən, bu cür olaraq, biz həmin qrupa dəvət olunduq. Lakin həmin vaxtdan etibarən qrupda iki ölkə Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə Assosiasiya Sazişini imzalamış ölkədir. Qalan bir ölkə - Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Buna görə, ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən mövqeyimizin əsasını təşkil edirdi. Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı yanaşmamıza yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu, belə deyildi. Əslində, biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu, çox müsbətdir. Şərq Tərəfdaşlığı, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir.

Söyləyəcəyim sonuncu məqama gəldikdə, almaniyalı səfirə deməliyəm ki, almanların Azərbaycanda 200 il ərzində olması bu il qeyd edilir. Onlar ölkəmizin qərb hissəsində iki və ya üç şəhərin təməlini qoymuşlar. İlk almanlar Azərbaycana 200 il əvvəl gəliblər. Biz həmin irsi Azərbaycanın qərb şəhərlərində qoruyub saxlayırıq. Biz alman kilsəsini və məşhur şərab anbarlarını bərpa etmişik. Onlar yaxşı şərab istehsal edirdilər. 200 və 100 il əvvəl tikdikləri evlər isə yenə də qalır.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens: Cənab Prezident, mən Sizə “Çox sağ olun” deməliyəm. Bizi qəbul etdiyinizə görə çox minnətdaram. Sizinlə fikir mübadiləsi aparmaq imkanına görə təşəkkür edirik.

Siz burada Şərq Tərəfdaşlığı çərçivəsində fərqləndirməni qeyd etdiniz. Bu, həmçinin Şərq Tərəfdaşlığına yenidən baxılmasına dəlalət edən elementdir. Bu, sizinlə razılaşdırdığımız yeni saziş üzərində irəliləyişin əldə olunmasının vacibliyini bir daha göstərir. Fikrimcə, artıq böyük irəliləyiş əldə olunub. Bunun mümkün qədər tez tamamlanmasını səmimiyyətlə arzulayırıq.

Aviasiya haqqında saziş də vacibdir, tamamlanmalıdır. Hesab edirəm ki, Zirvə görüşünə Azərbaycan artıq bir neçə nəticələrlə gələcək və bu, əlaqələrimizin gücləndirilməsində maraqlı olduğumuzu göstərəcək. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Sizə Bakıda xoş səfər arzulayıram. Bilirəm, sizin bir çox mühüm görüşləriniz var. Yenidən səfər etmək qərarına gəlsəniz, sizi yenidən görməyimə ümid edirəm.

Valter Stivens: Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Arxiv üzrə axtarış