2017-06-21

Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb

Brüsseldə Azərbaycanın Belçikadakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Azərbaycanın gənc rəssamlarının “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgisi açılıb.

Sərgi Azərbaycanın Belçikadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə keçirilir. Brüsselin tarixi mərkəzində yerləşən “Art Thema” qalereyasında iyunun 25-dək davam edəcək sərgidə 24 gənc rəssamın 84 əsəri nümayiş etdirilir.

Sərginin açılışında çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik, eyni zamanda, möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayıb. O, ölkəmizdə rəssamlıq sənətinə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Daha sonra F.İsgəndərov iştirakçı rəssamlara sertifikatlar təqdim edib.

Açılışda Azərbaycanın Əməkdar Artisti Bəhram Bağırzadənin “Nepridumannaya jizn” adlı kitabının təqdimatı da olub. Həmçinin Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədovun əsərləri nümayış etdirilib.

Sərgi Avropa İttifaqı və Belçika ictimaiyyətinin diqqətini cəlb edib. Belə ki, açılış mərasimində Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski, Avropa Parlamentinin üzvləri Anneli Yaatenmaki və Hannu Takkula, Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Brüsseldə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, tədqiqat mərkəzlərinin və mətbuat qurumlarının nümayəndələri iştirak ediblər.

  

Arxiv üzrə axtarış