2017-06-21

Brüsseldə azərbaycanlı köçkünlərə həsr olunan sərgi və müzakirələr keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibətilə təşkilat tərəfindən 2000-ci ildə Ümumdünya Qaçqınlar Günü elan edilən iyunun 20-də bütün dünyada münaqişə və müharibələr nəticəsində doğma ocaqlarından didərgin düşən insanlar yad edilir.

Hazırda dünya gündəmində Suriyada və Ukraynadakı kimi münaqişələr nəticəsində yaranan qaçqınlar ordusu, Avropanı bürüyən miqrasiya böhranı diqqət mərkəzindədir. Lakin məsələ ondan ibarətdir ki, vacib xəbərlərin iyerarxiyası qurulduqda uzunmüddətli münaqişələr, xüsusilə onlar zamanında müvafiq şəkildə işıqlandırılmayıbsa, diqqətsiz qalır. Nümunə kimi, 1988–1994-cü illərdə baş verən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini misal göstərmək olar. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu, əhalinin 10 faizinə bərabərdir və adambaşına düşən köçkün sayına görə dünyada ən yüksək göstəricilərdən biridir.

Münaqişənin başlanğıcında həddindən artıq ağır bir şəraitdə yaşayan bu insanların həyatı əhəmiyyət daşıyan əsas ehtiyaclarını ödəmək və onları yenidən məskunlaşdırmaq məqsədilə Azərbaycan hökuməti çox işlər görüb. Hazırda təmiz su, keyfiyyətli səhiyyə, qida və təhsil almaq imkanları ilə təmin edilən, heç vaxt doğma torpaqlarını görməyən ikinci nəsil uşaqların hamısının yurdlarına geri qayıtmaq arzusu var.

Bu humanitar böhran amerikalı fotojurnalist və rejissor Ed Kaşini öz obyektivini məcburi köçkün düşərgələrinə tərəf çevirməyə vadar edib. Onun işləri “Newsweek”, “The New York Times Magazine”, “Time” və “National Geographic” kimi nəşrlər tərəfindən dərc edilib. Bu böhranın tam böyüklüyünü əhatə etməyin qeyri-mümkün olduğunu anlayaraq, o, Azərbaycanın qərbində yerləşən düşərgələrdə gündəlik həyatın sadəcə bir neçə epizoduna diqqət yetirməyi qərara alıb. Burada İngiltərənin “Mançester Yunayted” komandasından pərəstiş etdikləri futbolçuların adlarını əks etdirən köynəklərdə futbol oynayan uşaqlar, qoşunların təmas xəttində erməni snayperinin gülləsi ilə öldürülən övladının şəklini tutan ana var. Bütün bu şəkillər bizim hamımızın mədəniyyət və ya dinimizdən asılı olmayaraq paylaşdığımız insanlığı əks etdirir.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “Gerçəkləşməyən xəyallar: Azərbaycanın qaçqın və məcburi köçkünləri” adlanan bu fotosərgi diplomatik məhəllənin mərkəzində yerləşən “Brussels Europe” Mətbuat Klubunda avropalı jurnalist auditoriyası qarşısında keçirilib. Sərgi iyunun 20-də Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisi tərəfindən “VII Photo Agency” Agentliyinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə çıxış edən amerikalı fotoqraf Ed Kaşi deyib: “Mənim ailəm 1940-cı illərdə İraqdan qaçqın düşüb. Biz köçkünlük faciəsinin nə olduğunu yaxşı bilirik. Təəssüf ki, qaçqın və məcburi köçkün məsələsi saysız-hesabsız ölkələrə təsir göstərib. Lakin bu məsələlərin əsil səbəbləri çox vaxt kifayət qədər işıqlandırılmır. Buna məruz qalmış əhali çox vaxt özünü ümidsiz hiss edir. Onların hamısı evlərinə qayıtmaq istəyir. Bu fotoşəkilləri çəkməkdə niyyətim auditoriyaya real vəziyyətə statistikadan kənar baxmağa və bu məsələnin həll edilməli olduğunu anlamağa yardım etməkdir”.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin direktoru Mark Vervilghen qeyd edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ən son statistikasına əsasən bütün dünyada qaçqın və məcburi köçkünlərin sayı ciddi şəkildə artmaqdadır. Hazırda bu insanların sayı 66 milyon təşkil edir.

“Bu gün TEAS-ın Benelüks ofisi bir milyona yaxın azərbaycanlının taleyini diqqətinizə çatdırır. Onlar Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından qaçqın və köçkün düşüblər. BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnamə, BMT Baş Assambleyasının qətnamə və Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Ermənistanı qınayan qərarlar qəbul etməsinə baxmayaraq, 20 ildən çoxdur ki, heç nə dəyişməyib. Ermənistan Dağlıq Qarabağa qarşı etdiyi hərəkətlərə görə üzərinə məsuliyyət götürməkdən hələ də imtina edir. Sabiq ədliyyə naziri olaraq mən təsdiq edirəm ki, Azərbaycan beynəlxalq hüquq baxımından düzgün yoldadır. Azərbaycan Avropa İttifaqının birbaşa qonşusudur və Aİ bu məsələnin həll olunmasında öz rolunu oynamalıdır”, - deyə Mark Vervilghen bildirib.

Azərbaycanın Belçikada və Lüksemburqda, həmçinin Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov deyib: “Qaçqınlar bizim ətrafımızdadır, hətta Brüsselin küçələrində də onlara rast gəlmək olar. Qaçqın məsələsi bizim hamımıza tanışdır. Bu müstəsna şəkillərdir və mən Ed Kaşinin düşərgələrdə çəkdiyi bu insanların bir çoxunu diplomatik xidmətə başlamazdan əvvəl şəxsən tanıyırdım. Yadda saxlamalıyıq ki, bu azərbaycanlı məcburi köçkünlər Avropa sivilizasiyasının nümayəndələridir, onları məcburi köçkünlərə çevirən münaqişə 25 ildən çoxdur ki, davam edir. Onların əksəriyyəti çox gənc ikən məcburi köçkün olub. Lakin onlar hələ də evlərinə qayıtmaq istəyirlər. Azərbaycanlılar öz doğma torpaqlarına çox bağlıdırlar. Ümid edirəm ki, bu cür tədbirlər münaqişənin və insanların acınacaqlı vəziyyətinin tez bir şəkildə həllinin tapılmalı olduğuna dair anlayışı artıracaq”.

Daha sonra Avropa Siyasət Mərkəzinin (ASM) baş siyasi analitiki Amanda Paul diqqətə çatdırıb ki, bu məsələ çox kədərli və həssas mövzudur. Azərbaycan adambaşına düşən ən çox qaçqın və məcburi köçkün sayına görə dünyada ikinci yerdədir. Mənim Azərbaycandan olan ikinci ailəm əslən Kəlbəcərdəndir və onlar müharibə zamanı qaçmağa məcbur olub. Hər gün ailənin, ağbirçəyi də daxil olmaqla onların fikri Kəlbəcərdədir. Qurbanlar sizin və mənim kimi adi insanlardır. Məcburi köçkünlük zəmanəmizin böyük problemidir. Mən sizə “Çıraqov və başqaları Ermənistana qarşı” işini xatırlatmaq istəyirəm. Burada Avropa İnsan Hüquqları üzrə Məhkəməsi Ermənistanı açıq şəkildə qınayır. Bundan əlavə, işğalçı ermənilər qəsdən evləri və infrastrukturu məhv ediblər. Bizə sülh prosesi üçün yeni format lazımdır və buna doğru ciddi addımlar atmalıyıq. Bu, işğal edilən ərazilərin bəzilərinin geri qaytarılması ilə başlamalıdır.

 

Arxiv üzrə axtarış