Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında tərəfaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu ilə bağlı geniş müzakirələr aparıldı və saziş layihəsinin bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olundu. Saziş layihəsi üzrə danışıqların növbəti mərhələsinin iyul ayında keçiriləcəyi bildirildi.
E.Məmmədyarov saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasının müsbət hal olduğunu dedi və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğunu qeyd etdi. O həmçinin ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin region üçün əsas təhdid olduğunu deyən nazir Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verdi. O əlavə etdi ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir.
Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi Aİ tərəfindən həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırdı.
Avropa İttifaqının komissarı Yohannes Han 15 iyun-Qurtuluş Günü münasibətilə təbriklərini çatdırdı və Aİ ilə Azərbaycan arasında nəqliyyat, ticarət, uzlaşma (connectivity) və enerji sahəsində praqmatik və praktiki əsaslı əməkdaşlığın mövcud olduğunu bildirdi.
Görüşdə Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.