2017-06-01

Lüksemburqda Azərbaycan qadınını tərənnüm edən sərgi açılıb

Lüksemburq, 1 iyun, AZƏRTAC

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikdə 28 May - Respublika Gününə həsr olunan sərgi təşkil edib.

Fotoqraf Filipe Fereranın “Yeddi gözəl” adlı sərgisi Lüksemburqda yaşayan azərbaycanlı qadınlara həsr edilib. Sərginin adı dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından götürülüb.

Fotoqraf nəslindən olan Filipe Ferera Lüksemburqda yaşayan yeddi gözəl, güclü Azərbaycan qadınının gündəlik həyatının müxtəlif anlarını əbədiləşdirib. O, azərbaycanlı qadınların həyatın müxtəlif sahələrində - məişətdə, işdə, cəmiyyətdə, ana, bacı rolunda, təhsil, iş, yaradıcılıq sahələrində uğurlarını əks etdirib.

Sərginin təşkilində məqsəd müsəlman ölkəsi olan, Avropanın bir sıra nüfuzlu ölkələrindən, eləcə də ABŞ-dan daha əvvəl qadınlara səsvermə hüququ verilən Azərbaycanda müasir və azad cəmiyyətin olduğunu, qadınların azad şəkildə təhsil aldığını, hökumətdə, sənayenin müxtəlif sahələrində təmsil olunduqlarını və cəmiyyətdə aparıcı mövqe tutduqlarını göstərməkdir.

Sərginin açılışında Lüksemburqda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Lüksemburq-Azərbaycan ticarət palatasının sədri Mark Hübş, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, yerli sakinlər iştirak ediblər.

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunda təşkil olunan sərgi iyunun 25-dək davam edəcək. 

Arxiv üzrə axtarış