Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası keçirilir
Bakı, 3 may, AZƏRTAC
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti Belçikanın paytaxtında səfərdədir.
Komitənin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda qurumun üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Deputatlarla yanaşı, hökumət nümayəndələri - Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadiyyat Nazirliyinin departament rəhbəri Ruslan Rüstəmli də iclasa qatılıblar. İclasda Avropa Parlamentinin üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri Dik Şubel və Lourens Meredits iştirak edirlər.
İki gün davam edəcək iclasın gündəliyində 12 məsələ var. İclasın birinci günü M.Məmmədquliyev “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli müqavilə: məqsədlər və imkanlar” mövzusunda, R.Rüstəmli isə “Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış ediblər. Hər iki məruzə ətrafında geniş müzakirələr olub. Həmçinin Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq üzrə müqavilə ilə bağlı danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb.
Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi Dik Şubel çıxışında Azərbaycan Prezidentinin cari ilin fevral ayında Brüsselə səfərini Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib və Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu vurğulayaraq yeni müqavilə üzrə danışıqların tezliklə uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.
Avropa Komissiyasının rəsmisi Lourens Meredits Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkib, son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib. Tərəflər arasında işgüzar dairələrin qarşılıqlı təmaslarının intensivləşdirilməsinin vacibliyini vurğulayan L.Meredits Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu üzrə müzakirələr aparılıb. Deputat Kamran Bayramovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə müstəqilliyini bərpa etdiyi dövrdən indiyədək Azərbaycanda dövlət quruculuğu, yerli özünüidarə orqanlarının yaradılması, vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, insan haqları, söz, mətbuat və fikir azadlığının təmin olunması ilə bağlı həyata keçirilən islahatlar öz əksini tapıb.