2017-02-26

Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

26 fevral 2017-ci il tarixində Belçikada Xocalı soyqırımının 25-ci ildönümü  ilə əlaqədar anım mərasimi keçirilmişdir. Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın  abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelux ofisinin və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Səfir Xəzər İbrahim Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırmış, 26 fevral gününün Azərbaycan tarixinə ən unudulmaz və ən ağrılı hadisələrindən biri kimi həkk olunduğunu vurğulamış və 25 il öncə şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirmişdir.

Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləmiş, abidənin önünə əklil və gül dəstələri qoymuşlar. 

Arxiv üzrə axtarış