2017-02-05

Prezident İlham Əliyev Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib

Vaterlo, 5 fevral, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Vaterlo şəhərinin meri Florans Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

  

Arxiv üzrə axtarış