20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilmişdir
19 yanvar 2017-ci il tarixində Belçikanın Vaterlo şəhərində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi və NATO yanında Nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra çıxış edən Səfir Fuad İsgəndərov, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat vermiş, sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyi, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmişdir. Bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirən Səfir F.İsgəndərov,
doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, xalqımızın yaddaşına müstəqillik rəmzi kimi həkk olunmuş 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağına əminlik ifadə etmişdir.
Sonda tədbir iştirakçıları tərəfindən abidənin önünə əklil qoyulmuşdur.